Artıq dövlət qulluqçuları stajları barədə məlumatı elektron qaydada əldə edə biləcəklər

16.04.13

Azərbaycanın "Elektron hökumət" portalı vasitəsilə ictimaiyyətin istifadəsinə verilən elektron xidmətlərin sayı artmaqda davam edir.

Portala əlavə edilən növbəti elektron xidmət - "Dövlət qulluğu stajı kalkulyatoru" Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təqdim edilir. Sözügedən xidmətin icrası nəticəsində vətəndaşa dövlət qulluğu stajı əks olunan arayış verilir.

Dövlət qulluğu stajını hesablamaq istəyən dövlət qulluqçusu şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etdikdən və ya elektron imza vasitəsilə daxil olduqdan, əmək kitabçasının skan surətini serverə yüklədikdən sonra müraciət cavablandırılır.

Əmək kitabçasının skan surəti serverə yükləndikdən sonra hüquq sektorunun əməkdaşı 1 ay, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətlərlə bağlı ən geci 15 gün ərzində müvafiq arayışı təqdim edir. Sorğunun icrasına məsul komissiyanın hüquq sektorudur, maksimum müddət 2 ay təşkil edir.

Əgər hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə vətəndaşa imtinanın səbəbi barədə məlumat verilir.

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru və Hüquq sektoru həyata keçirir