"Elektron hökumət" portalı yeni funksiyalarla zənginləşdirilib

17.04.13

"Elektron hökumət" portalı (www.e-gov.az) tam yeni tərtibatda və yeni dizaynda fəaliyyətə başlayıb. Yeni funksiyalarla zənginləşdirilən portalın əsas menyusuna "Elektron hökumət", "Yenliklər", "Reyestr və aktlar", "Elektron imza", "Sənədlər" kimi bölmələr daxildir. İstifadəçilər portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları da əldə edə bilərlər.

Həmçinin bu sahəyə aid faydalı keçidlər də portalın əsas tərkib hissəsidir. Qeyd edək ki, "Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "Bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron hökumət" portalı tətbiq edilir.

Elektron hökumət xidmətlərinin qısa təhlilinə gəlincə, portalda 40 dövlət qurumu tərəfindən 215 elektron xidmət istifadəçilərə təqdim edilib. Hər bir dövlət qurumu elektron xidmətlərini "Bir pəncərə" prinsipi əsasında istifadəçilərə portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər.

Vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər. Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır.