Qəbələdə "E-hökumət: gömrük sahəsində innovasiyalar" mövzusunda keçiriləcək konfransda Avstriya şirkətlərinin də iştirakı gözlənilir

12.04.13

Cari ilin 6-7 may tarixlərində Qəbələ şəhərində gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə "E-hökumət: gömrük sahəsində innovasiyalar" mövzusunda keçiriləcək V Beynəlxalq elmi-praktiki konfransda Avstriya şirkətlərinin də iştirakı nəzərdə tutulur.

Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın bildirib ki, qarşıdakı günlərdə konfransda iştirak edəcək ictimai sektor nümayəndələrinin siyahısı müəyyənləşdiriləcək və iştirakçılar haqda tədbir təşkilatçıları məlumatlandırılacaq.

Qeyd edək ki, 5-ci yubiley beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi e-hökumət quruculuğu və onun
tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formalarının müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfransın əsas istiqamətləri "Elektron hökumət" layihəsinin həllər yolu", "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili", "Gömrük xidmətində İKT və e-gömrük xidmətləri", "Gömrük-biznes əməkdaşlığında İKT-nin rolu"dur.

Konfransın idarəetmə şurasına Dövlət Gömrük Komitəsinin sədri, professor Aydın Əliyev, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, Ukrayna Elmlər Akademiyasının akademiki, Əməkdar elm və texnika xadimi, Elm və texnika sahəsində Ukrayna dövlət mükafatı laureatı, texnika elmləri doktoru, professor Buşuyev S.D, Türkiyə Qazi Universitesinin Texnologiya Fakültəsinin Elektrik və Elektron Mühəndislik Departamentinin direktoru, professor Çetin Elmas daxildir. Konfransın işçi dilləri Azərbaycan, rus, ingilis, fransız və ispandır. Konfransda dövlət orqanlarının əməkdaşları, gömrük əməkdaşları və təşkilatları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları, sahibkarlar və iş adamları, İKT və gömrük işinin təşkili sahəsində elmi tədqiqatlar aparan elmi işçilər, aspirant və tələbələr, İKT sahəsində çalışan mütəxəssislərin iştirakı nəzərdə tutulur.