Elektron imza sertifikatlarının qiyməti aşağı salınıb

5.04.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş gücləndirilmiş elektron imza vəsiqələrinin sayı artmaqdadır.

Elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, internet üzərindən onlayn sifariş edilən elektron imza sertifikatının qiymətinə 5 AZN güzəşt tətbiq edilməklə, 25 AZN-ə endirilib. Həyata keçirilən bu tədbir elektron xidmətlərin tətbiqinin daha da genişləndirilməsi, bu xidmətlərdən istifadənin stimullaşdırılması, eyni zamanda əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Qeyd edək ki, vətəndaşlar üçün «Elektron hökumət» portalına daxilolma proseduraları daha da sadələşdirilib. Artıq kod-parol və e-imzanı elektron şəkildə əldə etməklə yanaşı, vətəndaşlar kod-parol zərflərini poçt şöbələrindən də əldə edə bilərlər. Poçt şöbələrindən pin zərfləri əldə etmək üçün çox sadə bir identifikasiya prosedurası tələb olunur.