Azərbaycanda e-hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi müzakirə ediləcək

27.03.13

Cari ilin 6-7 may tarixlərində Qəbələ şəhərində gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə V Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfrans "E-hökumət: gömrük sahəsində innovasiyalar" mövzusunda təşkil olunur. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, 5-ci yubiley beynəlxalq elmi-praktik konfransın əsas məqsədi e-hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formalarının müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfransın əsas istiqamətləri "Elektron hökumət" layihəsinin həllər yolu", "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili", "Gömrük xidmətində İKT və e-gömrük xidmətləri", "Gömrük-biznes əməkdaşlığında İKT-nin rolu"dur.

Konfransın idarəetmə şurasına Dövlət Gömrük Komitəsinin sədri, professor Aydın Əliyev, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, Ukrayna Elmlər Akademiyasının akademiki, Əməkdar elm və texnika xadimi, Elm və texnika sahəsində Ukrayna Dövlət Mükafatı laureatı, texnika elmləri doktoru, professor Buşuyev S.D, Türkiyə Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik və Elektron Mühəndislik Departamentinin direktoru, professor Çetin Elmas daxildir. Konfransın işçi dilləri Azərbaycan, rus, ingilis, fransız və ispandır.

Konfransda dövlət orqanlarının əməkdaşları, gömrük əməkdaşları və təşkilatları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları, sahibkarlar və iş adamları, İKT və gömrük işinin təşkili sahəsində elmi tədqiqatlar aparan elmi işçilər, aspirant və tələbələr, İKT sahəsində çalışan mütəxəssislərin iştirakı nəzərdə tutulur. Konfransın materialları nəşr olunacaq.

Təşkilat Komitəsindən qeyd edilib ki, konfransda iştirak etmək üçün aprelin 20-nə qədər Dövlət Gömrük Komitəsinin internet səhifəsində "http://www.customs.gov.az/" ünvanında qeydiyyatdan keçmək lazımdır: "Məruzəçilər konfransda çıxış və təqdimat üçün hazırladıqları materialları elektron formada təqdim etməlidirlər".