Mobil cihazların qeydiyyat sistemi fəaliyyətə başlayır

16.03.13

Mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat işlərinə başlanılacaq.Bununla əlaqədar bu gün kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sistemin təqdimatı keçirilib.

Sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.

Mobil cihazların qeydiyyat sisteminin yaradılması "İnformasiya-komminikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.

2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra sistem tam gücü ilə 1 may tarixindən fəaliyyətə başlayacaq.

Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.

Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali "qaynar xətt”dən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər.

Mobil cihazlardan*#06#yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar.

Yaradılacaq xüsusi internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə biləcəklər.

Ölkəmizdə yaradılacaq qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan "vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaqdır.

Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında "pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.

Qeyd olunduğu kimi, Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılmışdır. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılmışdır. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılmış və mərkəzi baza sistemi ilə uyğunlaşdırılmışdır. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulmuşdur.

Qeydiyyat sistemi qurulmadan öncə qarşıya çıxan problemlərin həll edilməsi və onun mərkəzi baza sistemi ilə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılmış və nəticəyə uyğun tədbirlər görülmüşdür.

Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanmışdır.