Beynəlxalq Telekommunikasiya İttifaqı baş katibinin müraciəti

13.03.13

2013-cü il üçün 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu "İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması”dır.

İKT cəmiyyətin bütün təbəqələrində insanlar üçün imkanların yaradılmasında katalizator rolunu oynayır. Bu gün avtomobillə küçəyə çıxarkən biz bütün dünya ilə əlaqə qura, intensiv hərəkət şəraitində yol aça, tanış olmayan yerdə yolu tapa bilərik və bunların hamısını əl altında olan alətlərin köməyi ilə etmək mümkündür. Həmçinin ixtiyarımızda musiqi, radio, televiziya və sosial şəbəkələr kimi çoxsaylı əyləncə imkanları var.

Qeyd olunan texnologiyalar getdikcə hər yerdə təşəkkül tapır, buna görə biz onlardan istifadə edərkən məsuliyyətli olmalı və xüsusilə qəza və xəsarətlərə yol verməmək üçün avtomobili ehtiyatla idarə etməliyik.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi əhalinin sağlamlığı və xəsarətlər barədə xəbərdarlığın edilməsi olan dünya miqyaslı vəzifədir. Hər il dünyada baş verən yol-nəqliyyat hadisələri zamanı 1,3 milyon nəfər həlak olur, 20-50 milyonadək insan isə xəsarət alır və bunun böyük hissəsi dünyanın inkişaf etməkdə olan ölkələrinin payına düşür. Nəticədə hökumət və ayrı-ayrı şəxslər üçün qlobal iqtisadi itkilər qiymətləndirmələrə görə, 518 milyard ABŞ dolları təşkil edir.

Sürücülərin diqqətsizliyi və yol hərəkəti iştirakçıları tərəfindən avtomobilin idarə olunması zamanı SMS-in göndərilməsi və avtomobildə quraşdırılan naviqasiya sistemləri və ya rabitə vasitələri ilə təmasları kimi özünü büruzə verən davranışları yollarda ölüm və xəsarət hallarına səbəb olan əsas amillər sırasındadır.

Mənim müraciətim aydındır: avtomobili idarə edərkən diqqətinizi texniki vasitələrlə yayındırmayın, istər bu mobil telefona gələn zəng, istərsə naviqasiya sistemlərinin sazlanması olsun. İdarəetmə prosesində mətnli məlumatların göndərilməsi və ya Twitter-dən istifadə çox təhlükəlidir və bundan tam imtina etmək lazımdır.

Eyni zamanda mən üzv dövlətləri və sahə tərəfdaşlarını telefon dəstəyini qaldırmadan təhlükəsiz interfeys və qurğulardan istifadənin təşviqinə, eləcə də sürücülərin sükan arxasında diqqətlərini yayındıran texnologiyaların aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıram. Biz yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması üçün İKT-dən istifadəni stimullaşdıran milli strategiyaların həyata keçirilməsi ilə yanaşı, intellektual nəqliyyat sistemlərinin inkişafına və istifadəsinə töhfə verməliyik.

Bu tədbirlər təkcə yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək etməyəcək, həm də iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə vasitəsi kimi yol hərəkətinin idarə edilməsinin səmərəliliyini artıracaq.

BTİ tərəfindən texniki təchizatla əlaqədar diqqəti yayındıran təhlükəli amillərin aradan qaldırılması yolu ilə nəqliyyat vasitəsinin idarə edilməsinin optimallaşdırılması üçün nəzərdə tutulan təhlükəsiz istifadəçi interfeysi və rabitə sistemləri standartlarının hazırlamasını qeyd etmək mənim üçün çox xoşdur.

BTİ həmçinin dünyada intellektual nəqliyyat sistemləri və sürücülərin təhlükəsizliyi üçün hesablama texnikası, rabitə vasitələri, harada olmanı müəyyənləşdirən texnologiyalar və toqquşmaların qarşısını almaq üçün avtomobilə quraşdırılan radarlar daxil olmaqla avtomatlaşdırmanın istifadə oldunduğu müasir İKT standartlarının hazırlanması ilə bağlı səylərə rəhbərlik edir.

2013-cü il üçün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günün "İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması” mövzusu çərçivəsində fəaliyyət gələcəkdə Beynəlxalq Avtomobil Assosiasiyasının bayrağı altında bütün dünyanın maşınqayırma sektoru və avtomobil assosiasiyaları ilə tərəfdaşlıqda daha da inkişaf etdirilərək onlarla zəmanəmizin təxirəsalınmaz qlobal məsələlərindən birinin həlli üçün əməkdaşlıq edəcəyik.

Sizi bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü qeyd etməyə çağıraraq İKT-nin gücündən istifadə etməklə yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırlmasına xüsusi diqqət yetirməyə çağırıram.

Hamadun Ture
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi