Samsung martın 14-də ABŞ-da Galaxy S IV modelini təqdim edəcək

13.03.13

Cənubi Koreyanın Samsung Electronics şirkəti cümə axşamı – martın 14-də Nyu-Yorkda yeni qabaqcıl Galaxy S IV smartfon modelini təqdim edəcək. Analitiklər təqdimat mərasiminin ABŞ ərazisində keçirilməsini əsas rəqib – Apple korporasiyasına meydan oxuma kimi qiymətləndiriblər.

Şirkət qurğunun gözlənilən təqdimatını şərh etməkdən imtina etsə də, smartfonun bir hissəsinin göründüyü tizer-fotonu dərc edib. Fotoşəkilə baxdıqda smartfon haqqında fikir yürütmək mümkün deyil, gözə dəyən isə yalnız ön kamera gözlüyünün və dinamikin olmamasıdır.

Gözlənildiyinə görə, yeni qurğu Galaxy S III modeli ilə müqayisədə daha güclü mikroprosessor və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcək.

Yeni smartfonun AMOLED displeyi üçüncü seriya modelində olduğundan daha çox təsvir ölçüsünə malik olmaqla diaqonalı Galaxy S III-dəki 4,8 düymə nisbətdə 5 düym təşkil edəcək.

Fevralda Samsung qurğuya səhifələri vərəqləmək üçün istifadəçinin gözlərini izləməyə imkan verən "Samsung Eye Scrolling" texnologiyasını patentləşdirib. Bununla əlaqədar bazarda Galaxy S IV-ün bu funksiyaya malik olacağı ilə bağlı söz-söhbətlər dolaşır.