"Elektron hökumət" Portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11.03.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2013 - 28.02.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Müvafiq dövrdə ən çox Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" xidmətindən istifadə edilib. Bu xidmətlə bağlı sayta 1313 giriş olub. Fondun "Pensiya kapitalı barədə məlumat" xidməti də ötən dövrdə istifadəçiləri daha çox maraqlandırıb və bu xidmət üzrə sayta girişlərin sayı 1217 olub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan "Lokal (şəhər (rayon) daxili) çıxış danışıqların açıqlaması" xidməti də fevral ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmət üzrə isə sayta bir ayda 856 giriş edilib.

Əsasən 10 elektron xidmətin daxil olduğu siyahıda Daxili İşlər Nazirliyinin "PİN-ə görə fərdi məlumatların axtarışı" elektron xidməti də portalın əsas tələb olunan xidmətlərindən olub və fevral ayı üzrə onunla bağlı sayta 613 giriş edilib. Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (608), Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (554), Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (493), Dövlət Sosial Müdafiə Fondunun "Pensiya kalkulyatoru" (487) da istifadəçilərin fevral ayında daha çox müraciət etdiyi elektron xidmətlərə daxildir.

MHM-in hazırladığı siyahıda növbəti yerləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Cari danışıqlar üzrə məlumat" (403) və "Telefon üzrə ətraflı məlumat" (311) xidmətləri tutub.