Nazir Bakı Ali Neft Məktəbində olub

19.02.13

Bu gün rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Bakı Ali Neft Məktəbinə (BANM) gələrək ali məktəbin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Ali məktəbin rektoru Elmar Qasımov nazir Əli Abbasovu bu günlərdə tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və İnformasiya Texnologiyaları Universitetinin yaradılması münasibətilə təbrik edib.

Azərbaycanda aparılan yüksək quruculuq işlərindən söhbət açan rektor qeyd edib ki, gündən-günə inkişaf edən ölkəmiz regionun lideri olmaqla yanaşı, artıq dünya əhəmiyyətli dövlətə çevrilir.

Öz növbəsində Əli Abbasov çıxışında ölkənin inkişafının və gələcəyinin savadlı gənc kadrlarından asılı olduğunu bildirib. Hər kəsi ilk telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə təbrik edən nazir qeyd edib ki, Azerspace-1 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Əli Abbasov bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur.

Təhsil sisteminin inkişafına yönəlmiş tədbirlər çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə yeni İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının mühüm əhəmiyyət kəsb edən layihə olduğunu deyən nazir bu ali təhsil müəssisəsinin quruculuğunda BANM-in uğurlu təcrübəsindən istifadə olunacağını vurğulayıb.Çıxışının sonunda Əli Abbasov tələbələrə dərslərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda ali məktəbin rektoru nazir Əli Abbasova BANM-in "Fəxri Qonağı" diplomunu təqdim edib.