Gömrük Komitəsinin növbəti elektron xidməti istifadəyə verildi

19.02.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" (www.e-gov.az) portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işi davam etdirir. Portala daha bir qurumun göstərəcəyi elektron xidmət inteqrasiya edilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin növbəti xidməti istifadəyə verilib. "Mənim idxal/ixrac əməliyyatlarım" adlanan bu xidmət vasitəsilə xarici iqtisadi fəaliyyət iştirakçıları həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsindən statistik arayış əldə edə bilərlər.

Bu xidmət növündən istifadə etmək üçün vətəndaşın "Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi"nin (VÖEN) olması vacibdir. Xidmətə keçid zamanı vətəndaşın adında olan VÖEN avtomatik olaraq sistem tərəfindən axtarılır. Növbəti addımda Komitə tərəfindən tələb olunan digər məlumatlar daxil edilməlidir.