MHM-in məhsulları "Made in Azerbaijan" adı altında dünya bazarına çıxarıla bilər

3.06.19

İyunun 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu ("MAİNTECH – 2019”) keçirilir.

Forumun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alır.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak edir.

"Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumunda NRYTN-nin Məlumat Hesablama Mərkəzinin Marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov təqdimatla çıxış etdi.

Ceyhun Məmmədov çıxışında Məlumat Hesablama Mərkəzinin Azərbaycanda informasiya texnologiyaları ilə bağlı ənənələrin yarandığı ilk qrum olduğuna diqqət çəkərək, mərkəzin əsas fəaliyyət istiqamətləri və məhsulları haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Məlumat Hesablama Mərkəzinin layihələri ümumilikdə ölkəmizin elektronlaşdırılmasında mühüm əhəmiyyət daşımaqla yanaşı bu prosesdə lokamativ rolunu oynayıb.

"Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Formunun əhəmiyyətinə toxunan Ceyhun Məmmədov bildirdi ki, Məlumat Hesablama Mərkəzinin Azərbaycan brendi adı altında dünya bazarına çıxarılacaq bir sıra məhsulları var. "Azdoc”, "Aris”, "Poçtap”, "MCQS”, "İGuide” və s. məhsulların yerli mütəxəssislər tərəfindən hazırlandığını vurğulayan natiq qeyd etdi ki, bu məhsullardan Azərbaycanda geniş şəkildə istifadə olunur.

Qeyd edək ki, "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu ("MAİNTECH – 2019”) Azərbaycanda ilk dəfədir keçirilir.