Mobil telefon vasitəsilə informasiya təhlükəsizliyinin mühafizəsi üzrə layihə hazırlanır

18.10.12

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) elektron imza ilə bağlı növbəti tədbir reallaşıb. Belə ki, Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında davam edən əməkdaşlıq çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə Rumıniyanın "CertSIGN S.A.” şirkəti arasında "İSO/İEC 27001:2005 (AZS-494-2010) standartının tələblərinə uyğun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (İTİS) MHM-də tətbiqinə və istismarına dair konsaltinq xidmətləri” üzrə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət MHM-in cari informasiya təhlükəsizliyinin "İSO / İEC 27001:2005 (AZS-494-2010)” standartına uyğunlugunu sınaqdan keçirməli, informasiya təhlükəsizliyi risklərinin və boşluqlarının analizini edərək mərkəzin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemini quraşdırmaq üçün məsləhətlər verməli və təlim apararaq, mərkəzin işçi heyətini sertifikatlaşdırma auditinə hazırlamalıdır. Müqaviləyə uyğun olaraq, "CertSIGN S.A.” şirkətinin Kommersiya direktoru Adrian Floareanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Rumıniyanın nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində MHM-in mütəxəssisləri üçün treninq təşkil edib.

Treninqdə ötən il "CertSIGN S.A.” tərəfindən MHM-də qurulmuş elektron imzanın alt infrastrukturu olan PKİ (Public Key Infrastructures laboratory) laboratoriya barədə yenidən təqdimat keçirilib. Laboratoriya və onun iş sistemi ilə bağlı təkrar məlumatlandırılan MHM mütəxəssislərinin digər dövlət, eyni zamanda özəl qurumların əməkdaşları üçün elektron imza, onun təhlükəsizliyi, kriptoqrafiyaya giriş, açar infrastrukturu və s. kimi anlayışlarla bağlı maarifləndirici kursların təşkili nəzərdə tutulur.

Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirən "CertSIGN S.A.” şirkətinin Kommersiya direktoru Adrian Floarea bildirib ki, şirkət laboratoriyanın qurulmasında yalnız texniki dəstəklə kifayətlənmir, eyni zamanda məsləhət xidmətləri ilə də MHM-ə dəstək verilməsini vacib sayır: "Biz artıq Məlumat Hesablama Mərkəzi ilə birlikdə yeni layihə üzərində işləyirik. Mobil telefonlar vasitəsilə informasiya təhlükəsizliyinin qorunmasına yönələn layihə ilə bağlı yaxınlarda daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, "CertSIGN” kompaniyası dünyada təhlükəsizlik, rabitə və informasiya ilə bağlı kompleks inteqrasiya həllərini, texnologiya və mülki mühəndislik layihələrini müştərilərə təklif edən əsas şirkətlərdən biridir. "CertSIGN” təhlükəsizliyin idarə edilməsi nöqteyi-nəzərindən və "WebTrust” qaydaları üzrə "Ernst & Young” təhlükəsizlik auditini keçərək beynəlxalq "ISO 270001” standartına uyğun akkreditə olmuş təşkilat kimi tanınır.