"Elektron hökumət" portalının təqdimatı keçirilmişdir

25.04.12

Aprelin 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron hökumət” portalının təqdimatı keçirilmiş və portal istismara verilmişdir.Tədbirdə "Elektron Azərbaycan” Dövlət Proqramının və "Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının, digər dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Elektron hökumət” portalının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar yaradıldığını bildirmişdir. Elektron xidmətlərin göstərilməsi üzrə işlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edən nazir, dövlət başçısının Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət orqanlarında electron xidmətlərin təşkilində mövcud olan problemlərin tezliklə aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları da nəzərə çatdırmışdır.

Bildirilmişdir ki, hazırda "Elektron hökumət” portalı vasitəsilə 60-a yaxın e-xidmət göstərilir və onların siyahısı tədricən genişləndiriləcək. E-hökumət portalı artıq istifadə üçün açıqdır və www.ehdis.az ünvanında fəaliyyət göstərir.

Tədbirdə həmçinin portalın yaradılması üzrə görülən işlərlə bağlı məruzə dinlənilmiş, onun iş prinsipi əyani şəkildə nümayiş etdirilmişdir. Bundan başqa, tədbir zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsində aparılan işlərlə bağlı məruzələr dinlənilmişdir.

Öz növbəsində, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin İnternet resurslarının idarə olunması şöbəsinin rəisi Anar Süleymanov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının əsas tələbləri sırasında dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili və onların "bir pəncərə” prinsipi əsasında "Elektron hökumət” portalında cəmləşdirilməsi olmuşdur. Bu baxımdan "Elektron hökumət" portalının yaradılması Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin tətbiqi yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın inkişaf etdirilməsi, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakının təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilə bilər.

A. Süleymanov nəzərə çatdırmışdır ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətində İKT-nin tətbiqi məsələlərinə daima xüsusi həssaslıqla yanaşır və üzərinə düşən vəzifələri beynəlxalq standartlar çərçivəsində və ardıcıllıqla yerinə yetirməyə çalışır. Belə ki, son illər ərzində Komitə sədri tərəfindən İKT-nin tətbiqi ilə bağlı 60-dən çox əmr imzalanmış və "İKT-nin yeni inkişaf strategiyası” işlənərək Komitə aparatında struktur dəyişikliklikləri həyata keçirilmişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn tapşırıqları həyata keçirmək məqsədilə Dövlət Gömrük Komitəsində gömrük xidmətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və informasiya-kommunikasiya texnologiylarının tətbiqi sahələrinin daha da genişləndirilməsi və müasirləşdirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılmışdır. Gömrük xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sistemi, resursların idarə olunması, kargüzarlıq işinin və sənəd dövriyyəsinin avtomatlaşdırılmış idarəetmə sistemi, kadrların idarə olunmasının avtomatlaşdırılmış sistemi, həmçinin elektron imza və dövlət orqanları ilə qarşılıqlı məlumat mübadiləsi sistemlərinin tətbiqi belə layihələrdəndir. Məsələn, 1 iyul 2010-cu il tarixdən 2000-ə yaxın gömrük əməkdaşı "Elektron imza” kartları ilə təmin edilmişdir. Bu isə Respublika üzrə gömrük əməkdaşlarının ümumi sayının təxminən 65%-ni təşkil edir. Gömrük əməkdaşları bu kartlardan istifadə etməklə VAİS-də "elektron imza” prinsipi əsasında müxtəlif gömrük əməliyyatlarını həyata keçirirlər.

Bununla yanaşı, gömrük xidmətlərinin avtomatlaşdırılması və digər dövlət qurumları ilə inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirilir. Hazırda DGK Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank, FHN, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirir.

Qeyd edilmişdir ki, "Elektron Gömrük” layihəsi "Elektron Azərbaycan” dövlət proqramının tərkib hissəsi olaraq DGK-nın fəaliyyətinin əsas prioritet istiqamətlərdən birini təşkil edir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir. Layihə gömrük-cəmiyyət, gömrük-gömrük və gömrük-biznes əməkdaşlığını ehtiva edən üç baza prinsip üzərində qurulur.

Hazırda DGK tərəfindən vətəndaşlar üçün bir sıra elektron xidmətlər - gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsi (GÖÖEN), ilkin məlumatlandırma, gömrük orqanlarına xidmətə qəbul, idxal-ixrac əməliyyatları, nəqliyyat vasitəsi üçün uyğunluq sertifikatı, e-Sərnişin Bəyannaməsi təqdim olunur. Elektron ödəmə sistemi və elektron YGB üzərində isə hazırda iş aparılır.

O da nəzərə çatdırılmışdır ki, "Sərnişin bəyannaməsi” DGK tərəfindən bu günlərdə vətəndaşların və əcnəbilərin istifadəsinə verilmiş ən yeni elektron xidmətlərdəndir. Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış "Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Bu elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla yanaşı, gömrük nəzarətində şəffaflığı da təmin edir.

Tədbirin yekununda "Elektron hökumət”in formalaşdırılması üzrə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və elektron xidmətlərin tətbiqinin sürətləndirilməsi ilə bağlı səylərin artırılmasının zəruriliyi vurğulanmış, dövlət başçısının fərmanı ilə yenicə yaradılmış Elektron Hökumət üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili və elektron xidmətlərin göstərilməsinin daha da sürətləndirilməsi ilə bağlı fikirlər səslənmişdir.

Tədbir çərçivəsində "E-hökumət” portalının fəaliyyətini təmin edən infrastruktura baxış da keçirilmişdir.

Məlumat!Bu qaleriya altında şəkil yoxdur...