Azərbaycanda e-imza infrastrukturu təqdim olunub

5.03.11

Bakıda elektron imza üçün Milli sertifikasiya xidmətləri mərkəzinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Rabitə və Informasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə elektron imza infrastrukturunun işlənib hazırlanması istiqamətində görülmüş işlər, bu sahədə qəbul olunmuş qanunverici baza, eləcə də Milli sertifikasiya xidmətləri mərkəzinin yaradılması haqqında iştirakçılara məlumat verib.

Öz çıxışında Elmir Vəlizadə həmçinin sertifikatların parametrləri, onların təhlükəsizliyi, e-imzanın əldə olunması və istifadə üçün lazımi proseduralardan danışıb. Nazir müavini xüsusi olaraq yaradılmış www.e-imza.az saytını da qeyd edib və bildirib ki, bu resursun köməyi ilə Azərbaycanda elektron imza layihəsi barədə istənilən məlumatı əldə etmək olar. Həmin saytdan həmçinin e-imzanın istifadəsi üçün lazımi proqram təminatını yükləmək olar. Qeyd etmək lazımdır ki, imza üçün həmçinin xüsusi kart-rider olmalıdır.

Bundan sonra tədbir iştirakçılarına elektron imzanın imkanları və üstünlükləri, onun bütün sosial-iqtisadi istiqamətlərdə tətbiqinə həsr edilmiş film nümayiş etdirilib. Təqdimat mərasimində çıxış edən Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasov bugünkü tədbirdən məmnun olduğunu bildirərək, bu hadisənin ölkə cəmiyyəti üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Əli Abbasov öz çıxışında Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sektoruna yönəltdiyi xüsusi diqqəti iştirakçıların nəzərinə çatdırıb. Nazir əminliklə bildirib ki, bugünkü təqdimat və elektron imzanın qısa müddətdə kütləvi tətbiqi ölkədə informasiyalaşdırma üçün daha geniş imkanlar açacaq və informasiya texnologiyalarının inkişafını yeni səviyyəyə çıxaracaq. Əli Abbasov həmçinin qeyd edib ki, elektron imza bir neçə ay ərzində rəsmi təqdim olunacaq elektron hökumət layihəsinin mühüm tərkib hissəsi olacaq.

Nazirdən sonra tədbirdə Vergilər Nazirliyinin nümayəndəsi çıxış edərək, təmsil etdiyi qurumda informasiya texnologiyaların tətbiqi və elektron imzanın gələcəkdə nazirliyin fəaliyyətinə təsiri haqında məruzə oxuyub.

Daha sonra təqdimat mərasimində e-imza infrastrukturunun yaradılması üzrə konsorsiuma daxil olan Ultra şirkətinin rəhbəri Tahir Mirkişili çıxış edərək, sözügedən layihəni mürəkkəb və eyni zamanda Azərbaycanın inkişafı baxımdan olduqca əhəmiyyətli olduğunu bildirib.

Microsoft korporasiyasının həllər üzrə regional arxitektoru Robert Xernadi təmsil etdiyi şirkət adından Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnun qaldığını vurğulayıb. Elektron imzanın tətbiqi üzrə müsbət aspektlər haqqında təqdimat nümayiş etdirən Microsoft nümayəndəsi məhsuldar əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib.

E-imzanın tətbiqi üçün infrastruktur yerli Ultra, Azerin şirkətləri və Microsoft korporasiyasının lokal nümayəndəliyindən ibarət konsorsium tərəfindən yaradılıb. Platforma Microsoft həllərinin tətbiqi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin elan etdiyi tender əsasında işlənib hazırlanıb.