"Süni intellekt ixtira etmək istərdim"

21.01.14

Mailov Arif Ələsgər oğlu

Doğulduğu tarix: 03.06.1956

Doğulduğu yer: Bakı şəhəri

Təhsil aldığı universitet və ixtisası: Azərbaycan Dövlət Universiteti, fizika fakultəsi

Müxtəlif təşkilatlarda işləyərək direktor vəzifələrinə qədər yüksəlmişdir. 2011-ci ildən isə MHM-in Sertifikat Xidmətlər Mərkəzinin müdiri vəzifəsində çalışır. 2012-ci ildə rabitəçilərin peşə bayramı münasibətilə Fəxri Fərmanla təltif edilib, 2013-cü ildə isə "Rabitə ustası” adına layiq görülüb.

Ailəlidir. 2 övladı var.


Arif müəllim, ilk öncə Sizi "Rabitə ustası” adı ilə təltif olunduğunuza görə təbrik edirəm. Sizə uğurlar arzu edirəm.

Təşəkkür edirəm.

Bu adı gözləyirdinizmi?

Doğrusu "Rabitə ustası" fəxri adı daşımaq hər bir rabitə işçisinin arzusudur. Amma mən gözləmirdim.

Nə vaxtdan MHM-də işləyirsiniz?

2011-ci ildən.

Hansı tarixdən E-imza sektorunda fəaliyyat göstərirsiniz?

2008-ci ildən E-imza sektorunda fəaliyyat göstərirəm.

Maraqlıdır, e-imza yarandığı tarixdən indiyədək bu istiqamətdə hansı dəyişikliklərin şahidi olmusunuz?

Bildiyiniz kimi, dövlət qurumları arasında qarşılıqlı elektron sənəd mübadiləsinin inkişaf templərinin sürətləndirilməsi üçün 2011-ci ilin sentyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında rəqəmsal imza sertifikatlarının verilməsi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Daha sonra, 2013-cü ilin fevral ayında mobil qurğuların (smartfon və mobil planşetlər) vasitəsilə "Elektron hökumət" portalına daxil olmaq üçün sürətli və təhlükəsiz autentifikasiya sistemi təqdim olundu. Nəhayət 2013-cü ildə Vergilər nazirliyinin hazırladığı layihənin nəticəsində yaradılmış mobil rəqəmsal imza üçün sertifikatlaşdırma mərkəzi fəaliyyətinə başlamışdır.

2013-cü il "e-imza” üçün uğurlu oldu desək, məncə yanılmarıq. Çünki Bakutel sərgisində məhz ödənişsiz e-imza üçün gələnlər daha çox oldu. Oxucularımıza maraqlıdır, bu gün Azərbaycanda nə qədər e-imza istifadəçisi var?

Bu günə qədər, ölkədə ümumilikdə 40 000-ə yaxın smart kart və mobil cihazlar üçün rəqəmsal imza sertifikatları verilmişdir.

Aktiv internet istifadəçisisinizmi?

Bəli.

Sosial şəbəkələrə münasibətiniz?

Vaxt itkisi kimi baxıram.

Milyonlarla insanın cəmləşdiyi məkan - Facebook sizin üçün nədir? "Facebook”, "Twitter” və digər bu kimi sosial şəbəkələrdə hesabınız varmı?

Facebook-da hesabım var, amma ondan istifadə etmirəm.

Ən çox hansı saytları izləyirsiniz?

İKT-a aid olan saytları.

Sizcə, texnologiya insanları bir-birindən uzaqlaşdırır, yoxsa sosiallaşdırır?

Texnologiya insanları biri-birinə yaxınlaşdırır demək daha düzgün olar .

Maraqlıdır,ilk telefonunuz hansı olub?

Nokia 8100.

İndi telefonunuz modeli nədir?

Galaxy S4.

Telefonda daha çox hansı proqramlardan istifadə edirsiniz?

Google Maps, WhatsApp

İKT sahəsində nə ixtira etmək istərdiniz?

Süni intellekt yaradılmasını istərdim.

Belə bir fikir gəzir ki, e-kitablar həqiqi kitabları sıradan çıxardı, bəs siz nə düşünürsünüz bu haqda?

Bu fikirlə razı deyiləm. Həqiqi kitablar əvəzolunmazdır.

Ümumiyyətlə qiraətlə aranız necədir?

Demək olar əladır.

Hansı kitabları oxuyursunuz?

Elmi-texniki kitablar oxuyuram.

Online alış-veriş edirsinizmi? Hansı pul əməliyyatlarını internetlə edirsiniz? (Komunal ödənişlər, kontur yükləmə və s.)

Bəli, komunal ödəniş əməliyyatlarını internet üzərindən aparıram.

Azərbaycan telekanallarına münasibətiniz necədir?

Elm-təbiətdən daha çox təqdim edilməlidir

Böyük maraqla izlədiyiniz veriliş varmı?

Təbiət haqqında verilişləri.

Boş vaxtlarınızı necə keçirirsiniz?

Boş vaxtlarım ailəmlə birlikdə keçirirəm.

Arif müəllim, sonda belə bir sual vermək istərdim, İKT sahəsində çalışan gənclərə iş təcrübülərinizə əsaslanaraq hansı tövsiyyələri verərdiniz?

Gənclərə tövsiyyəm gənclik illərdən maksimum faydalanmaq və informasiya texnologiyalarına xüsusi diqqət yetirmək, tam məlumatlanmaq və hər tərəfli inkişafları üçün treyninqlərdə iştirak etməkdir.