"Akkumulyatoru bitməyən batareya icad edərdim"

14.01.14

Quliyev Rafiz Fiday oğlu

Doğulduğu tarix:08.02.1989

Doğulduğu yer:Füzuli rayonu

Təhsil aldığı universitet və ixtisası: Bakı Dövlət Universiteti, Mexanika – Riyaziyyat fakültəsi

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramının qeyd olunması ilə əlaqədar "Sağlamlıq-2013” Respublika Spartakiadasında dama üzrə şəxsi birincilikdə kişilər arasında 2-ci yeri tutmusunuz. Sizi təbrik edirəm.

Təəssüratlarınızı öyrənmək istərdim. İlk dəfə idimi Spartakiadada MHM-in komandası ilə iştirak edirdiniz?

Təbrikiniz üçün təşəkkür edirəm. İlk növbədə onu demək istəyirəm ki, mənim Spartakiadada iştirak etməyimə şərait yaratdığına görə MHM-in rəhbərliyinə minnətdarlığımı bildirirəm. Mən ümumiyyətlə ilk dəfə idi ki, Spartakiadaya qatılırdım. Spartakiada mənim üçün maraqlı, eyni zamanda həyəcanlı keçdi. Xoş təəssüratlar oyatdı.

Ümumiyyətlə, idmanla məşğul olursunuzmu?

İdmanla asudə vaxtlarımda məşğul ola bilirəm. Həftə sonları futbol oynayıram. Dama isə həyatımda xüsusi rol oynayır.

Yeni texnologiyalara münasibətiniz necədir?

Yeni Texnologiyalar şöbəsində işlədiyim üçün peşəm texnologiyalardan xəbərdar olmağı tələb edir.

İKT sahəsində nə ixtira etmək istərdiniz?

Akkumulyatoru bitməyən batareya icad edərdim. Çünki müasir telefonlar daha çox enerji istifadə edir və tez-tez adaptor qoşmalı olursan.

Maraqlıdır,ilk telefonunuz hansı olub?

İlk telefonumu universitetə daxil olanda atam hədiyyə edib. "Nokia 6233”

İndi telefonunuzun modeli nədir?

Hal-hazırda "HTC Sensation XE” modeli işlədirəm. Bu da qardaşımın hədiyyəsidir .

Telefonda daha çox hansı proqramlardan istifadə edirsiniz?

Əksər hallarda sosial şəbəkələrə daxil olmaq üçün hazırlanmış proqramlardan istifadə edirəm. Bunlardan "Facebook”,”Instagram”ı misal çəkə bilərəm.

Sms, yoxsa "Whatsapp”?

Əlbəttə, "Whatsapp”. Üstünlükləri çoxdur. Fikirləri tam şəkildə yazmaq olur, yəni fikirləşmirsən ki, qənaət edim balansımdan pul çıxılacaq. Bir neçə nəfərlə qrup yaradıb danışmaq, şəkillər bölüşmək olur.

Oyun oynayırsınız telefonda?

Bəli, "PlayStore”-da yeni oyunları izləyirəm. Ən çox dama oyunu, həmçinin futbol və avtomobil yarışları olan oyunları da oynayıram.

Sizcə, texnologiya insanları bir-birindən uzaqlaşdırır, yoxsa sosiallaşdırır?

Bilirsiniz, bu, insanların texnologiyadan hansı məqsədlər üçün istifadə etməsindən asılıdır. Bu gün mən sosial şəbəkələrdən yalnız dostlarımla danışmaq üçün, müxtəlif sosial şəbəkələrdə statuslar yazmaq üçün istifadə etsəm, əlbəttə ki, uzaqlaşdıracaq.

Aktiv internet istifadəçisinizmi?

Bəli. İşim birbaşa internetlə bağlıdı. Hər hansı bir məlumatı əldə etmək üçün internetdə axtarış sistemlərindən istifadə edirəm. Düşünürəm ki, hər bir internet istifadəçisi bunu bacarmalıdır.

Sosial şəbəkələrə münasibətiniz? "Facebook”, "Twitter” və digər bu kimi sosial şəbəkələrdə hesabınız varmı?

Normal. İş günlərini də nəzərə alsaq, sosial şəbəkələrdə gün ərzində 1-2 saat vaxt sərf edirəm. "Facebook”, "Twitter”, ”Instagramvə "Linkedin”-də hesabım var.

"Facebook”da neçə dostunuz var?

Artıq 5 ildir istifadəçiyəm. 100-ə yaxın dostum var.

Axırıncı yazdığınız statusu bizimlə paylaşa bilərsinizmi?

Sonuncu dəfə yaxın dostumun sözlərini paylaşmışdım. Söhbət əsnasında bir ifadədən istifadə etmişdi: "Proqramist adamsan, kameran da yoxdu”. Əslində bu birinci hal deyildi ki, bu kimi halnan qarşılaşırdım. Ümid edirəm, cəmiyyətimiz sosial şəbəkələrdən yalnız ünsiyyət vasitəsi kimi istifadə etməyəcək.

Ən çox hansı saytları izləyirsiniz?

Sayt elə də çox izləmirəm. Ən çox futbolla bağlı olur. "uefa.com”, "ntvspor.net”.

Belə bir fikir gəzir ki, e-kitablar həqiqi kitabları sıradan çıxardı, bəs siz nə düşünürsünüz bu haqda?

Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə bu kimi halların olması normaldı. Düzdü, hazırda elektron kitablar həqiqi kitabları üstələyir, ancaq yenə də insanlar həqiqi kitaba daha çox üstünlük verir.

Hansı kitabları oxuyursunuz?

Çox vaxt peşəmlə bağlı kitablar oxuyuram. Amma belə xarici ədəbiyyata üstünlük verirəm. Ən çox əsərlərini oxuduğum yazıçı Paulo Coelhodur.

Onlayn alış-veriş edirsinizmi? Hansı pul əməliyyatlarını internetlə edirsiniz? (Kommunal ödənişlər, kontur yükləmə və s.)

Bəli, istifadə edirəm. Əksər hallarda kommunal ödənişləri və kontur yükləmə əməliyyatlarını onlayn edirəm.

Boş vaxtlarınızı necə keçirirsiniz?

Boş vaxtlarımı ailəm və dostlarımla keçirməyi xoşlayıram.
Azarkeşlik etdiyim komandanın oyunlarına baxıram. Fürsət düşmüşkən "Beşiktaş” azarkeşlərinə öz salamımı göndərirəm.