"Hər bir mühəndis MHM kimi müəssisədə işləməyi özünə şərəf bilərdi"

19.12.13

Əliyev Eldar Fərman oğlu

Doğulduğu tarix: 13 oktyabr 1968-ci il

Doğulduğu yer: Bakı şəhəri

Təhsil aldığı universitet və ixtisası: 1992-ci il Azərbaycan Texniki Universiteti, mühəndis-sistemotexnik

1993-cü ildən 2007-ci ilə qədər müxtəlif təşkilatlarda işləyərək şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. 2007-ci ildən isə iş fəaliyyətini MHM-də davam etdirir.Hal-hazırda MHM-də TXŞ-nin şöbə müdiri vəzifəsində çalışaraq "AzdataCom” şəbəkəsinin genişləndirilməsini və texniki dəstəyini həyata keçirir. 2009-cu ildə MHM-in 35 illik yubileyi мэ 2013-cü ildə isə rabitəçilərin peşə bayramı ilə bağlı Fəxri Fərmanla təltif edilib.

Ailəlidir. 2 övladı var.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin TXŞ-nin müdir müavini Eldar Əliyevlə müsahibə.

Eldar müəllim, ilk öncə Sizi Fəxri Fərmanla təltif olunduğunuza görə təbrik etmək istərdim. Sizə uğurlar arzu edirəm.

Bu təltifi gözləyirdinizmi?

- Təbrikinizə görə çox sağolun. O ki qaldı sualınıza deyim ki, yox. Mən sadəcə öz işimi görürdüm. Etiraf edim ki, bu il- 6 Dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar Fəxri Fərmanla təltif edilmiş bir qrup rabitəçilərin siyahısında adımın olması məni sevindirdi. Bunun üçün xüsusi diqqətə görə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, MHM-in rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Fəxri adlarla təltif edilmiş həmkarlarımı təbrik edir və bütün rabitəçilərə işlərində müvəffəqiyyətlər arzulayıram.

Nə vaxtdan MHM-də işləyirsiniz?

- MHM ilə tanışlığım 1996-cı ildə olub. 2007-ci ildən bu günə kimi isə burada iş fəaliyyətimi davam etdirirəm. Bu illər ərzində müəssisənin fəaliyyətinin genişlənməsinin və inkişafının şahidiyəm.

MHM-də əmək fəaliyyətiniz dövründə müəssisədə hansı əsaslı dəyişikliklərin şahidi olmusunuz?

- Bilirik ki, 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Həqiqətən də bu il İKT sahəsində görülmüş işlər uğurla nəticələnmişdir. Əlbəttə ki, qazanılan nailiyyətlər dövlətimizin İKT sahəsinə göstərdiyi diqqət və qayğısı ilə bağlıdır. MHM də son illər İKT sahəsində uğurla irəli addımlayır. Dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəçiliyin inkişaf etdirilməsi "e-hökumət” xidmətlərindən istifadə imkanlarının təmin edilməsi məqsədi ilə "AzdataCom” şəbəkəsinin yaradılması, "E-imza”, "Elektron Hökumət” və digər layihələr mənə bunu deməyə əsas verir. Düşünürəm ki, hər bir mühəndis MHM kimi müəssisədə işləməyi özünə şərəf bilərdi. Mən də öz növbəmdə nailiyyətlərimizin daimi olması üçün əlimdən gələni əsirgəməməyə hazıram.

Yeni texnologiyalara münasibətiniz necədir?

- Münasibətim yaxşıdır, lakin həddindən artıq istifadə etməmək şərti ilə.

Maraqlıdır, ilk telefonunuz hansı olub?

- Siemens S6

Sizcə, texnologiya insanları bir-birindən uzaqlaşdırır, yoxsa sosiallaşdırır?

- Deyərdim ki, həm sosiallaşdırır, həm də uzaq məsafələri yaxınlaşdırır. Çünki əvvəllər məktub göndərəndə 10-15 gün gözləməli olurduqsa, indi artıq belə hallarla rastlaşmırıq. İnternet, kompyuter, planşet, mobil telefon kimi yeni texnologiyaların hesabına insanlar öz vaxtlarına qənaət edirlər.

Aktiv internet istifadəçisisinizmi?

- Demək olar ki, hə. İnternet gündəlik həyatımızın norması və ritminə çevrilib və bu gün internetin faydaları inkaredilməzdir. Gün ərzində dünyanın istənilən nöqtəsinin ən qaynar xəbərlərini izləmək, onlayn musiqi dinləmək, lazımi informasiyaları əldə etmək, elektron kitab oxumaq, elektron alış veriş etmək, evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq və bir çox bu kimi üstünlükləri vardır.

Sosial şəbəkələrə münasibətiniz? "Facebook”, "Twitter” və digər bu kimi sosial şəbəkələrdə hesabınız varmı?

- Sosial şəbəkələr yaradılırsa deməli insanların buna təlabatı var. Lakin real aləmdən uzaqlaşıb səhərdən axşama kimi virtual aləmə qapılmaq xoş hal deyil. Sosial şəbəkələrdən istifadə etmirəm.

Ən çox hansı saytları izləyirsiniz?

- Adətən yerli və xarici saytların iqtisadiyyat, yeni texnologiyalarla bağlı xəbərlərini oxuyuram.

Boş vaxtlarınızı necə keçirməyi xoşlayırsınız?

- Səyahəti xoşlayıram. Demək olar ki, doğma Azərbaycanın hər guşəsində olmuşam.