Elmir Vəlizadə: "Azərbaycanda "Elektron hökumət" portalı vasitəsilə 130-a yaxın e-xidmət göstərilir"

22.09.12

Elmir Vəlizadə: "Azərbaycanda "Elektron hökumət” portalı vasitəsilə 130-a yaxın e-xidmət göstərilir”

Azərbaycanda "Elektron hökumət” portalı vasitəsilə 130-a yaxın e-xidmət göstərilir. Bunu  Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müsahibəsində bildirib.

- Ölkədə "Elektron hökumət"in qurulması istiqamətində hansı tədbirlər görülür?

- "Elektron hökumət"in qurulması ölkədə dövlət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirir. Azərbaycanda "E-hökumət”in formalaşması kompleks tədbirlərdən ibarətdir. Bunlar həm hüquqi, texniki təşkilati və həm də bir sıra məsələləri əhatə edir. Bu istiqamətdə xeyli işlər görülüb.

Bilirsiniz ki, Prezident İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Bu sənəddən sonra hazırda görülən işlər böyük vüssət alıb. Bütün dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının bu prossesə qoşularaq daha geniş şəkildə "e-xidmət”ləri göstərməyə başlayıblar. Bunlar təmin etmək üçün ölkədə elektron hökumət portalı da yaradılıb və istifadəçilərin ixtiyarına verilib. Hazırda da "E-portala” qoşulmayan dövlət qurumlarının portala qoşulması təmin edilir.

- Hazırda portala neçə dövlət qurumu qoşulub və göstərilən xidmətlərin sayı artıbmı?

- Portala qoşulmuş dövlət qrumlarının sayı 30-dan çoxdur. Həmçinin "Elektron hökumət” portalı vasitəsilə 130-a yaxın e-xidmət göstərilir və onların siyahısı tədricən genişləndiriləcək. E-hökumət portalı artıq istifadə üçün açıqdır və www.ehdis.az ünvanında fəaliyyət göstərir. Cari ilin aprelin 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron hökumət” portalının təqdimatı keçirilib və portal istismara verilib. İlkin olaraq portalda göstərilən xidmətlərin sayı 60-a yaxın idisə, hazırda bu 130-a çatır.

- İlin sonunadək mərkəzi və yerli icra hakimiyyəti orqanlarının "E-hökumət” portalına qoşulması təmin olunacaqmı?

- İndi qoşulma prossesi aparılır və deyilən müddətə kimi "Eelktron hökumət”ə bütün mərkəzi icra hakimiyyəti orqanlaranın qoşulması nəzərdə tutulur.

Ümumiyyətlə, elektron hökumətə yerli icra hakimiyyətlərinin də qoşulması istiqamətində tədbirlər görülür. Hazırda yerli icra hakimiyyəti orqanlarında informasiyalaşma səviyyəsi qənaətbəxşdir və onların da gələckdə "e-xidmətlər” göstərməsi reallaşacaq. Planlaşdırılan istiqamətdə layihələr davam etdirilir. Məqsədimiz ölkə vətəndaşlarımız nəzərdə tutulan "elektron imza”dan və həm də "e-xidmət”lərin istifadəsində dövlət orqanları ilə sıx təmas qursunlar. Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb və bunun məqsədi bu xidmətləri vətəndaşlara birbaşa daha da yaxınlaşdırmaq və onların ixtiyarına verməkdən ibarətdir.

- Bu ilin ötən dövründə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafını necə qiymətləndirirsiniz?

- Ötən müddətdə Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafını müsbət qiymətləndirirəm. İlk yarımilliyin hesabatına baxsaq görərik ki, bu sahə üzrə inkişaf mövcuddur. Bu, inkişaf təqribən 15 faiz ətrafındadır. Bu, yaxşı göstəricidir və hesab edirik ki, bu sahə ölkədə daha da gücləndirilməlidir. Hazırda ölkdə İKT sənayesinin inkişafı istiqamətində addımlar atılır. Xüsusən də Azərbaycanda İnformasiya Kommunikasiya Texnalogiyalarının İnkişafı Fondunun yaradılmasını qeyd edə bilərik. Bu fond ümumilikdə ölkəmizin İKT sənayesinin gücləndirilməsinə xidmət göstərəcək.