Əli Abbasov: "Elektron hökumət şəffaflığa, korrupsiyanın azalmasına şərait yaradır"

13.03.12

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 5-7 mart tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilən Connect Arab Summit 2012 (Ərəb dünyasını birləşdirək) yüksək səviyyəli görüş çərçivəsində Qatar News informasiya agentliyinə eksklüziv müsahibə verib.
Əli Abbasov tədbirdə Qətərin Əmiri, Şeyx Həməd bin Xəlifə əl Taninin iştirakını ölkənin İKT sahəsinə göstərdiyi diqqətin "bariz nümunəsi” adlandırıb.

Nazirin fikrincə, bu görüş həm də ərəb dünyasının İKT-yə investisiya qoymasına zəmin yaradır. Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərə gəlincə, Ə.Abbasov bu əlaqələrin günbəgün inkişaf etməkdə olduğunu vurğulayıb: ”Bu əməkdaşlıq forması son bir neçə ildə daha da inkişaf edərək turizm sahəsinə də nüfuz etmişdir. Ən son inkişaf istiqamətlərindən biri Qatar Airways şirkətinin Dohadan Azərbaycanın paytaxtı Bakı şəhərinə birbaşa marşrutun açılması olmuşdur”.

Əli Abbasov ikitərəfli münasibətlərdən danışaraq həmçinin hökumətlərin İKT sahəsində yeni müqavilə üzərində işlədiyini vurğulayıb.

Nazir müsahibəsində ölkəmizin budəfəki yüksək səviyyəli görüşdə iştirakına da toxunub. Onun sözlərinə görə, Azərbaycanın tədbirdə iştirakı bu sektora daha çox investisiya cəlb etmək, xüsusilə qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində xarici sərmayənin cəlb olunması üzrə qazandığı təcrübəni ərəb ölkələri ilə bölüşməkdən ibarətdir.

Azərbaycanda həyata keçirilən iri layihələrdən danışan nazir hazırda respublikada Ərəb İKT Magistralının oxşarı olan beynəlxalq İKT layihəsinin reallaşdırıldığını qeyd edib. Ə. Abbasovun sözlərinə görə, Trans–Avrasiya Super İnformasiya Magistralı (TASİM) adlanan bu layihə 2009-cu il dekabr 21-də BMT Baş Assambleyasında beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmişdir. Layihənin məqsədi Qərb (Birləşmiş Ştatlar və Avropa) və Asiya-Sakit Okeanı regionu arasında informasiya boşluğunu aradan qaldırmaqdır: ”Bu layihə regionda yeni şəbəkələrin yaradılması vasitəsilə mümkün olacaq, qeyri-qərb istifadəçiləri üçün daha çox internet trafikini təmin edəcək, eləcə də daha çox milli kontentin hazırlanmasına imkan verəcək. Körfəz ölkələri də Qərb və Asiya-Sakit Okeanı arasında yerləşdikləri üçün adı çəkilən layihədə iştirak edə biləcəklər. Bundan başqa, Almaniyadan Oman Sultanlığına qədər informasiya magistralının yaradılması üçün yeni İKT layihəsi də nəzərdə tutulur. Bu layihənin məqsədi xüsusilə Asiya ilə Avropa arasında rəqəmsal boşluğu aradan qaldırılması, eləcə də həmin regiondan daha çox kontentin təmin edilməsi olacaq”.

Müsahibəsində Azərbaycanda beş il əvvəl elektron hökumət xidmətlərinin yaradılmasına başlanıldığından söz açan nazir ərəb ölkələrinin də bu təcrübədən bəhrələnməsini labüd sayıb. Onun sözlərinə görə, elektron hökumət şəffaflığa, hökumətin məhsuldarlığının artmasına, kiçik və orta sahibkarlar üçün yeni imkanlara, həmçinin korrupsiyanın azalmasına şərait yaradır.

Ə.Abbasov Azərbaycanda İKT sektorunun bundan sonra da ölkənin inkişafı üçün prioritet sahə olaraq qalacağını vurğulayıb: "2012-ci ilin sonunda yeni peykin buraxılması, 2020-ci ilə kimi ali texniki təhsilin keyfiyyətinin kəskin artırılması və sair layihələrin reallaşması nəzərdə tutulub. Yeni layihələr Azərbaycan Prezidenti İlham Əliyevin "fəzada, yerdə və suda inkişafa nail olmaq”la bağlı irəli sürdüyü fikrin bir hissəsidir.”