"Azərbaycanda qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə..."

18.10.13

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyalarınazirinin müavini İltimas Məmmədovun müsahibəsi...

MoBiz:Məlum olduğu kimi cənab prezident 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Artıq cari ilin birinci yarısı arxada qalıb. Ötən bu dövrlə bağlı nəticələr qənaətbəxşdirmi? İlin ikinci yarısı ilə bağlı əsas prioritetlər hansılardır?

İltimas Məmmədov:2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxarmış Prezident İlham Əliyev fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurmuşdur. Dövlət başçısı İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır.

Cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında göstərildiyi kimi, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 2020-ci ilədək olan dövrü əhatə edən konsepsiyanın hazırlanması prosesində Azərbaycanın müvafiq dövlət orqanları, elmi təşkilatları və yüksək ixtisaslı mütəxəssislər iştirak etmişlər.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası inkişafın yeni paradiqmalarının müəyyənləşdirilməsi ilə yanaşı, gələcək barədə reallığa maksimum adekvat proqnozların irəli sürülməsi təqdirəlayiqdir.

Ümumilikdə, konsepsiya iki əsas istiqamətdə - siyasi və iqtisadi sahədə 2020-ci ilədək həyata keçiriləcək tədbirlərin bəri başdan dolğun şəkildə müəyyənləşdirilməsi məqsədindən irəli gəlmişdir.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasda qeyd olunduğu kimi, qarşıdakı illərdə başlıca hədəflərdən biri də məhz yeni informasiyalı cəmiyyətinin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi olmalıdır.

Konsepsiyada qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də «e-dövlət» xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.

Ölkəmizdə son 10 il ərzində cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönəlik qəbul edilmiş dövlət proqramları, həyata keçirilən islahat tədbirləri, yaxından dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT sektorunun da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməsini təmin etmişdir. Belə ki, bu illər ərzində sektorun həcmi təqribən 6 dəfədən çox artaraq, təxminən 2.0 milyard dolları ötmüş,orta illik artım tempi 20-25% təşkil etmiş, orta aylıq əməkhaqqı 5 dəfə artmış, sektora təqribən 3,0 milyard dollar investisiya yatırılmışdır. Ölkəmiz bu illərdə MDB regionunda bir çox sahələrdə birinciliklərə imza atmışdır. MDB regionunda ilk dəfə olaraq 2008-ci ildə bütün ölkə ərazisi tam telefonlaşdırılmış, 2010-cu ildə ölkədə telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə ərazisində vahid nömrələmə sisteminin və yeni zona kodlarının tətbiqinə başlanılmış və Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanda rəqəmli televiziya yayımının sınağı uğurla keçirilmiş və hazırda ölkə əhalisinin 96%-nin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılmışdır. 2010-cu ildən ölkə əhalisinin 100 % mobil rabitə ilə əhatə olunması ilə Azərbaycan MDB-də ilk, dünyada isə ilk 20 ölkə arasında olmasına nail olmuşdur. 2010-cu ildə uğurla başa çatmış "Maliyyə xidmətlərinin inkişafı” layihəsi nəticəsində ölkədə ilk dəfə olaraq poçt müəssisəsi tərəfindən bank-maliyyə xidməti göstərməyə başlamışdır.

Ölkənin sabit telefon şəbəkəsinin tutumu 1,7 dəfə, əsas telefon aparatlarının sayı 1,5 dəfə, mobil abunəçilərin sayı 9,6 dəfə, İnternet istifadəçilərinin sayı 14 dəfə artmışdır. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, internet istifadəçilərinin sayı isə 70 ədəd təşkil edir ki, bu da dünya orta göstəricisindən müvafiq olaraq 15% və 1,8 dəfə yüksəkdir. İnternet istifadəçilərinin sayına görə Azərbaycan MDB regionunda liderdir. 2009-cu ildən etibarən mobil şəbəkədə 3G, 2012-ci ildən isə ən son texnologiya olan 4G şəbəkədə tətbiq edilir. Azərbaycan 4G texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur.

Azərbaycanın birinci telekommunikasiya peyki 2013-cü ildə uğurla orbitə çıxarılmış və ölkəmiz öz adını dünya kosmik ailəsinə şərəflə yazdırmışdır.


Azərbaycan hazırda region ölkələrinin və beynəlxalq təşkilatların diqqətini cəlb edən nəhəng layihənin - fiber optik informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir. "Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) bu layihə Xəzər dənizinin dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Layihə Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasını nəzərdə tutur. Kabel magistralı İran və Fars körfəzi regionunu şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq ilə, Qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın koordinatoru olduğu layihə çərçivəsində Avropa və Asiya regionunun bir çox dövlətləri İKT-nin imkanlarından birgə faydalanacaqdır. TASİM layihəsinə 2009 və 2012-ci illərdə iki dəfə BMT-nin Baş Asamblyesanın və Məclisinin xüsusi qərarı ilə siyasi dəstək verilmiş və layihə üzrə Avrasiya Rabitə Alyansının yaradaılması ilə bağlı qətnamə yekdilliklə qəbul olunmuşdur. BMT Baş Assamlıyası tərəfindən qəbul edilən qətnamə ilə dəstəklənən TASİM layihəsinin regional koordinasiya və icra mexanizmi kimi "EurACA” adı altında qurum fəaliyyət göstərəcək.

EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir. Azərbaycanı bu Konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmış, test işləri uğurla başa çatdırılmış və konsorsium tərəfindən qəbul olunmuşdur.

MoBiz:Ölkədə mobil rabitə sahəsindəki vəziyyəti dövlət rəsmisi olaraq necə dəyərləndirirsiniz, ümumi mənzərə haqqında fikirləriniz?

İltimas Məmmədov:Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə, abunəçi bazası isə 1.5 dəfə artıb. 2012-ci ildə isə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14.1% artaraq 1095.7 milyon ABŞ dollarına çatıb. Ölkənin İKT sektorunda mobil sahə təqribən 60%-lik xüsusi çəkiyə malikdir və dinamik inkişaf edir. Azərbaycanın mobil sektorunda GSM standartında 3 mobil operator fəaliyyət göstərir. Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100%-lik ilk nəticədir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təqribən 15% çoxdur.

MoBiz:Azərbaycanda mobil rabitə qiymətləri tez-tez müzakirə mövzusuna çevrilir. İstifadəçilər qiymətlərin həddən artıq baha olmasından şikayət edirlər. Bununla bağlı nazirlik tərəfindən operatorlara hansısa təkliflər paketi təqdim olunubmu? Ümumiyyətlə bu sahədə qiymətlərin tənzimlənmə mexanizmi necə aparılır?

İltimas Məmmədov: Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65.3%-ni təşkil edir. Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145.8 ABŞ dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108.0 ABŞ dolları təşkil edib. Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12.8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22.2% azalıb. Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması diqqət mərkəzindədir və bu davamlı olaraq təmin edilir. Son vaxtlar mobil operatorların rouminq tarifləri orta hesabla 30% aşağı endirilib və bu proses davam etməkdədir. Hazırda respublikamızda fəaliyyət göstərən mobil operatorlar tərəfindən müxtəlif tarif paketləri tətbiq olunur. Bununla yanaşı, əgər istifadə etdiyiniz tarif paketi Sizi qane etmirsə, Sizin digər tarif paketlərindən və yaxud digər operatorların xidmətlərindən və onların müxtəlif tarif paketlərindən istifadə etmək hüququnuz var.

MoBiz:Mobil cihazların qeydiyyat sisteminin aparılmasında əsas məqsəd?

İltimas Məmmədov:Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra mobil cihaz oğurluğunun sayı xeyli azalıb. Belə hadisələri önləmək və oğurlanan cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması olduqca vacibdir.

Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.

Ağ səhifə - istifadəsinə icazə verilən mobil cihazların "IMEI” nömrələri;
Qara səhifə - istifadəsinə icazə verilməyən mobil cihazların "IMEI” nömrələri;

Boz səhifə - keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların "IMEI” nömrələrindən ibarətdir. Bu səhifədə olan "İMEİ” nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.

Hər bir şəxs istifadəsində olan mobil telefonun "IMEI” kodunu çox asanlıqla öyrənə bilər. Bunun üçün hər hansı mobil telefondan *#06# yığmaqla "IMEI” nömrəsini müəyyən etmək olar. Müsahibimiz bildirir ki, mobil telefonları ölkənin hər yerində qeydiyyatdan keçirmək mümkündür. Bunun üçün hər hansı bir rayondan paytaxta gəlməyə ehtiyac yoxdur. Yəni harda mobil telefon operatorlarının müştəri xidmətləri varsa, orada asanlıqla qeydiyyatdan keçirmək olar: «Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə (http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və "IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın "IMEI” nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun "IMEI” nömrəsi qara səhifəyə daxil ediləcəkdir».

Qeyd edim ki, abunəçilərə rahatlıq yaradılması məqsədi ilə "www.imei.az” internet səhifəsi yaradılıb ki, hər bir kəs ondan istifadə edərək mobil cihazların "IMEI” nömrələri barədə məlumatları əldə edə bilər.
Azərbaycan Respublikasında mobil telefonların "IMEI” kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.

İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın "IMEI” nömrəsi qara səhifəyə daxil edilir. Qara səhifəyə daxil edilmiş "IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin "IMEI” nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın "IMEI” nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.

Qeyd edək ki, cihaz itirilibsə, onun tapılması üçün ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.

MoBiz:Nömrə daşınması xidmətinin tətbiqi ilə bağlı ləngimə müşahidə olunur. Cənab nazir çıxışlarında problemin operatorlar tərəfindən qaynaqlandığını və onlara qarşı gecikmə ilə bağlı cərimələr tətbiq olunacağını bildirib. Lakin faktiki olaraq prosesin ləngiməsi hələ də davam etməkdədir. Bunun əsas səbəbini hansı problemlə əlaqələndirirsiniz?

İltimas Məmmədov:Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən "Mobil Nömrələrin Daşınması Sistemi” ("Mobile Number Portability (MNP)”)nin tətbiqi ləngiyir.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xeyli maddi ziyan da vurulub.

Bununla əlaqədar mobil operatorlara bir neçə dəfə xəbərdarlıq olunub.
Cənab Nazir bir müddət əvvəl qeyd etdiyi kimi, mobil rabitə operatorları və provayderlər göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyacaqlar.

Mobil Nömrələrin Daşınması sistemi lakin texniki səbəblərdən yubanır və yubanmaya görə hər bir operator məsuliyyət daşıyır.

"MNP”i hazırda dünyanın 20-yə yaxın ölkəsində tətbiq etməyə hazırlaşırlar, 60-dan çox ölkədə isə operatordan asılı olmayaraq abunəyə bağlı nömrələr sistemi mövcuddur. "MNP” sistemini 2000-ci illərin ortalarında ilk tətbiq etmiş ölkələr Sinqapur, ABŞ və Avropa ölkələri olublar. Bu sistemin əsas məqsədi abunələrin rahatlığını təmin etmək və operatordan asılılığını aradan qaldırmaqdır.

MoBiz:Məlum olduğu kimi hazırda milli peykimiz fəaliyyət göstərməkdədir. Peykin fəaliyyətinin yerli telekommunikasiya sahəsinə əsasən, nə kimi təsirləri olacaq? Bu təsirləri nə zaman tam olaraq nə zaman müşahidə etmək mümkün olacaq?

İltimas Məmmədov:Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir. Azərbaycanın ilk peyki olan "Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. "Azerspace-1” peyki "Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılmışdır.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək "Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. "Azerspace-1”-in resurslarının daxili və xarici bazarlarda realizasiyası ilə bağlı intensiv işlər aparılır.

Bu istiqamətdə aparılan işlər davamlı xarakter daşıyır. Peykin imkanlarından təhsil, səhiyyə, rabitə, naviqasiya və digər sahələrdə istifadə tamamilə mümkündür və bu işlər hazırda həyata keçirilir. "Azərkosmos” ASC-nin kommersiya fəaliyyətinin əsas məqsədi peykin tutumlarını bazar konyukturasına uyğun şəkildə müştərilərin istifadəsinə verməkdən ibarətdir. Bu zaman əldə edilmiş peyk resurslarının səhiyyə, təhsil, rabitə və ya istənilən digər məqsədlər üçün istifadəsi sırf müştərinin öz istəyindən asılı olan məsələdir. Misal üçün, müştərilər bu resurslardan istifadə edərək dünyanın müxtəlif bölgələrində yerləşən ofislər arasında "data” şəbəkəsi qura və ya çətin keçilən ərazilərdə rabitə xidmətləri yarada bilərlər.

Milli peykin imkanlarından təhsil və səhiyyə sahəsində xidmətlərin təşkilində istifadə etmək üçün böyük imkanlar mövcuddur, lakin bu xidmətləri "Azərkosmos” birbaşa təşkil etmir, onları internet provayderlər və digər operatorlar, peykin resursları vasitəsilə göstərə bilərlər.

Azərbaycanın milli telekommunikasiya peykinin resurslarından mobil rabitə və bankçılıq sahəsində çalışan şirkətlər də istifadə edə bilərlər.
Milli peykimizn resurslarından ucqar ərazilərdə bank-maliyyə xidmətləri göstərmək istəyən banklar yararlana bilər.

Misal üçün, banklar yerüstü rabitə infrastrukturu olmayan və ya olduğu halda istifadəsi baha başa gələn dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində öz bankomatlarını və ya xidmət ofislərini quraraq onları peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə baş ofislərlə əlaqələndirə bilər.

Qeyd edək ki, dünya təcrübəsində banklar peyk rabitəsi həllərinin fəal istifadəçisidirlər. Misal üçün, Cənubi Afrikanın aparıcı banklarından olan "Absa Bank” 800-ə yaxın məntəqədə özünün 1200-dək bankomatının fəaliyyətini peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə təmin edir. Hindistanda isə ölkə üzrə fəaliyyət göstərən müxtəlif bankların 30 minədək bankomatı VSAT xidmətlərindən istifadə edir”,- deyə "Azərkosmos”dan bildiriblər.

Eyni imkanlar mobil rabitə operatorları üçün də mövcuddur: operatorlar üçün şəbəkənin zəif tutduğu və ya tutmadığı məntəqələrdə əlavə tikiləcək yeni qüllələr üçün fiber-optik xətlər çəkməyə və ya çoxsaylı ara qüllələr tikməyə ehtiyac qalmır. Bunun əvəzində mobil operatorlar son təyinat nöqtəsində sadəcə bir qüllə inşa edərək və orada VSAT peyk antenası quraşdıraraq mərkəzi ATS-lə peyk üzərindən rabitə yaradıb nəticədə keyfiyyətli və kəsintisiz əhatə dairəsini təmin edə bilərlər. Bu zaman operatorlar çoxsaylı qüllələrin tikintisinə, onların yerüstü elektrik və rabitə xətləri vasitəsilə əlaqələndirilməsinə və bütün bu infrastrukturun sonrakı dəstəklənməsinə çəkiləcək məsrəflərə qənaət etmiş olurlar. Göründüyü kimi, peyk rabitəsi bu sahədə yüksək rəqabətqabiliyyətli həllər təklif edir. Məhz bu səbəbdən, Afrika qitəsinin bir çox ölkələrində fəaliyyət göstərən "Vodafone”, "MTN” və "Millicom” kimi nəhəng telekommunikasiya şirkətləri mobil şəbəkəni təmin etmək məqsədilə çətinkeçilən ərazilərdə əsas rabitə kanalı kimi, digər yerlərdə isə rezerv kanal qismində peyk rabitəsindən istifadə edir.

Ümumiyyətlə, əsasən dağlıq relyefə malik olan və ya çoxsaylı adalar qrupundan təşkil olunmuş dünyanın bir sıra regionlarında (Latın Amerikası, Karib hövzəsi ölkələri, Cənub-Şərqi Asiya regionu) peyk rabitəsi mobil rabitə şəbəkəsinin təmin edilməsində aktual rol oynayır. Peyk rabitəsinin dünyada effektiv tətbiq olunduğu sahələrdən həmçinin neft-qaz sənayesini, səhiyyəni (teletibb xidmətləri), təhsil sahəsini qeyd etmək mümkündür.
"Azərkosmos” peyk rabitəsindən yararlanmaq istəyən müəssisə və şirkətlər üçün müvafiq xidmətləri təmin etməyə hazırdı.

MoBiz:Qarşıda Azərbaycanın İKT sahəsinin ən uğurlu layihələrindən biri olan və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə reallaşan beynəlxalq statuslu "Bakutel" tədbiri gəlir. Bu dəfəki "Bakutel" əsasən hansı özəlliklər ilə seçiləcək?

İltimas Məmmədov:Hər il ənənəvi olaraq təşkil edilən "Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı bu il də yüksək səviyyədə təşkil olunacaq.

Bu il XIX dəfə keçirilən sərgi Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində, yəni 2-5 dekabr tarixində baş tutacaq.

"BakuTel” sərgisi fəaliyyət göstərdiyi illər ərzində telekommunikasiyalar və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, ən qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün bir platforma kimi bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının diqqətini cəlb edib.

 

Ellada Mustafayeva/MoBiz