Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir

29.08.13

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov www.yap.org.az saytına müsahibə verib.

- Əli müəllim, Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunda böyük inkişaf müşahidə olunmaqdadır. Bu baxımdan, son 10 il ərzində bu sahədə baş verən yeniliklər və əldə olunan nəticələr haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- Ölkəmizdə son 10 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatımızın inkişafına öz töhfəsini verməsini təmin etmişdir. Azərbaycanda İKT sektorunun 10 illik inkişaf yolundan danışarkən ilk öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Sektorun davamlı inkişafının bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkə başçısının Sərəncam və Fərmanları müəyyən etmişdir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiq edilməsi, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları İKT sektorunun inkişafına əvəzsiz töhfə olmuşdur.

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident Sərəncamları isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasının bərqərar etmişdir. "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırlması üzrə Fəaliyyət Proqramı"nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları bu gün ölkəmizdə əhalinin istifadəsinə verilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması ilə müşayiət olunur.

"Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haq¬qında", "Poçt haqqında", "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulmaq barədə, "Kibercinayətkarlıq haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları ölkədə sektor üzrə təkmil qanunvericilik bazasının mövcudluğunun bariz nümunəsidir.

Ötən 10 il ərzində qeydə alınan inkişaf tempini statistik rəqəmlər daha əyani xarakterizə edir. Qeyd olunan müddətdə sektorda orta illik artım tempi 20-25% təşkil etmiş, sektor hər 3 ildə 2 dəfə genişlənmış və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2.0 milyard dolları ötmüşdür. Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4%-dən 80,0%-ə yüksəlmişdir. Qeyd edim ki, son 10 il ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılmışdır.

Ötən müddət ərzində həyata keçirilən səmərəli işlərin məntiqi nəticələrindən biri də, 2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda bütün ölkə ərazisinin tam telefonlaşdırılması təmin edilmişdir. Eyni zamanda, 2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. Bununla yanaşı, telefon şəbəkəsinin təqribən 40%-i NGN texnologiyası əsasında yenidən qurulmuş, 01.08.2011-ci il tarixdən MDB regionunda ilk dəfə ölkə ərazisində vahid nömrələmə sisteminin və yeni zona kodlarının tətbiqinə başlanılmışdır. Həyata keçirilən infrastruktur işləri təbii olaraq istifadəçilərin sayına da təsir göstərmişdir. Belə ki, son 10 ildə hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı 11.5 ədəddən 18,6 ədədə yüksəlmişdir.

İKT sektorunun son 10 ilini 2005-ci ildə 3-cü mobil operator "Azerfon" MMC-nin fəaliyyətə başlaması, 2009-cu ildən etibarən mobil şəbəkədə 3G texnologiyasının tətbiqi, 2012-ci ildən ölkədə 4G xidmətinin istifadəyə verilməsi kimi hadisələr təşkil edir.

Son 10 il mobil abunəçilərin sayının 7,0 dəfə artaraq 10,1 milyonu ötməsi kimi faktlarla da xarakterizə edilir. Bundan başqa, 2008-ci ildə yerli "Silverkey" şirkəti tərəfindən Azərbaycanda ilk onlayn ödəmə sistemi -"GoldenPay" yaradılaraq istifadəyə verilmiş və bu, ölkədə elektron ticarətin təşkili istiqamətində mühüm addım olmuşdur.

Artıq, ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say sürətlə artır.

Ölkədə elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu qurulmuş və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılaraq 2011-ci ilin sentyabrından işə salınmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, radiorabitə vasitələrinin qeydiyyatı, elektron imzanın verilməsi, internetə qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər xidmətlərin elektron formada həyata keçirilməsi təmin edilmişdir.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr 708 nömrəli Fərmanı ilə Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, əhalinin və qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi məqsədi ilə RİTN-in yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzləri yaradılmışdır. "ASAN xidmət" mərkəzləri şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına xidmət edir.

2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Fondun yaradılmasının əsas məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə "Yüksək Texnologiyalar Parkı"nın (YTP) yaradılması qərara alınmışdır. "YTP"nın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə RİTN-in tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC yaradılmışdır.
Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biri də, internetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olmuşdur. Bu kontekstdə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artmış, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxaldılaraq 200 Gb/s-ə çatdırılmışdır. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir.
Qeyd edim ki, bu gün ölkə əhalisinin 70%-i internet istifadəçisi, 50%-i isə genişzolaqlı xidmət istifadəçisidir.

- Bildiyimiz kimi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələri, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsindəki inkişaf beynəlxalq miqyasda necə dəyərləndirilir?

- Bu sektorun inkişafı və genişləndirilməsi istiqamətində icra olunan işlər bir çox beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edim ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Measuring the Information Society - 2012" adlı hesabatında "İKT inkişaf indeksi" üzrə Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və 2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə möhkəmləndirmişdir. Hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yer almışdır.

"İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan 52-ci yerlə qiymətləndirilmiş və 2008-ci illə müqayisədə öz mövqeyini 47 pillə möhkəmləndirmişdir. Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2012-2013" hesabatında isə "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Və nəhayət Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2013" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabatda internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

Dünya İqtisadi Forumunun (DİF) son "The Global Information Technology Report 2013" hesabatına əsasən internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir və uyğun ümumdünya orta göstəricisini 2 dəfə üstələyir. Təbii ki, bunlar illər ərzindən həyata keçirilən işlərə verilən yüksək qiymətdir. Lakin, 10 il ərzində görülən tədbirlər, icra olunan işlər və həyata keçirilən layihələr bununla yekunlaşmır.

- Azərbaycanda rəqəmli TV yayım sisteminin tətbiqi hansı səviyyədədir? Bununla yanaşı, beynəlxalq miqyasda da böyük maraq kəsb edən qlobal layihələrlə əlaqədar nə kimi işlər görülür?

- Məlum olduğu kimi, İKT sektorundan qeyri-ənənəvi xidmətlərlə yanaşı, ənənəvi xidmətlərin də inkişafı diqqətdən kənarda qalmır. Yeni texnoloji imkanların genişləndirilməsi sayəsində sektorun ümumi inkişafı vəhdət təşkil edir. Bu gün dünyanın bir çox ölkələri rəqəmli TV yayımının genişləndirilməsi istiqamətində səylərini artırırlar. Ölkəmizdə də bu istiqamətdə ardıcıl işlər görülür. Hələ, 2004-cü ildə Azərbaycanda Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq rəqəmli televiziya yayımı üzrə sınaq işləri uğurla keçirilmişdir. Bu gün də "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 fevral qərarı ilə bu istiqamətdə işlər qrafikə uyğun davam etdirilir.

Görülən işlər nəticəsində ölkə əhalisinin 93.8%-nin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılmışdır. 2013-cü ilin sonunadək ölkədə rəqəmli yayım səviyyəsi 100%-ə çatdırılmasını planlaşdırırıq. Məlumat üçün bildirim ki, bu gün Azərbaycanda 25 televiziya kanalı və 15 radio proqramı mövcuddur ki, televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi təqribən dövlət proqramları üzrə 90-100%, özəl proqramlar üzrə 80-85% təşkil edir.

Sektorun inkişafı proqram xarakterli işlərlə bərabər genişmiqyaslı layihələrin reallaşmasına hesablanıb. Bu gün Azərbaycan hökumətinin təşəbbüsü və siyasi dəstəyi ilə həyata keçirilən layihələr var ki, beynəlxalq tribunalarda böyük dəstək alır. "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi (TASİM) beynəlxalq arenaya hesablanan qlobal layihələrimizdən biridir. TASİM layihəsi İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu – Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcəkdir.

Bu magistralın həyata keçirilməsi üzrə nəzərdə tutulan birinci mərhələdə əsas etibarilə Qərbi Avropadan Çinə qədər olan ərazidə yerləşən ölkələrə xidmət edəcək transmilli optik şəbəkə yaradılacaq, Xəzəraltı kabel magistralı tikiləcək, ikinci mərhələdə isə yaranmış infrastruktura Avrasiya ölkələrinin, xüsusilə də Mərkəzi Asiya ölkələrinin sərfəli qiymətlərlə qoşulması təmin ediləcəkdir.

TASİM layihəsinə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının 66-cı plenar iclasının xüsusi qərarı ilə yanaşı, 2012-ci ilin dekabr ayında BMT-nin 67-ci Baş Məclisi xüsusi qətnamə ilə ikinci siyasi dəstəyi vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir.

Digər bir qlobal layihə Avropa-Yaxın Şərq informasiya magistralı layihəsidir (EPEG). EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir. Azərbaycanı bu Konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmış, test işləri uğurla başa çatdırılmış və konsorsium tərəfindən qəbul olunmuşdur.

- RİTN tərəfindən reallaşdırılan qlobal layihələrdən biri də ölkəmizdə kosmik sənayenin yaradılmasıdır. Bu ilin əvvəlində Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının şahidi olduq. Bu layihənin həyata keçirilməsi ölkəmizə nə kimi dividentlər gətirməkdədir?

- 10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycanın ümumdünya kosmik məkanına inteqrasiyasını göstərə bilərik. Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir. Azərbaycanın ilk peyki olan "Azerspace-1" 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. "Azerspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılmışdır.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək
"Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

Müasir dünyanın inkişaf prinsipləri elektronlaşma və yüksək texnologiyalar üzərində qurulub. Bu gün "Elektron hökumət", "Elektron ölkə" anlayışı heç kimdə təəccüb doğurmur. Azərbaycan da bu tendensiyadan geri qalmır. Müşahidələr göstərir ki, artıq əhali bu xidmətlərə nəinki alışıb, hətta gündəlik həyatlarında onlardan istifadəyə daha çox üstünlük verirlər. Söhbət "Elektron hökumət" layihəsi çərçivəsində təqdim olunan elektron xidmətlərdən gedir. Qeyd edim ki, "E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"ya əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

- "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrası haqqında nə deyə bilərsiniz?

Bu gün bizim hədəflərimizdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi 2012-ci ildə ölkə Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanmışdır.

Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.

Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Qeyd edim ki, bu layihəyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə AzDataCom şəbəkəsinin yaradılması layihəsini həyata keçirən "Milli E-İdarəcilik Təşəbbüsü" uğurla icra edilmişdir. "AzDataCom" layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.

2004-cü ildən icrasına başlanılmış layihədə "AzDataCom" şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilmişdir. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulmuşdur.

- Əli müəllim, nazirlik tərəfindən rabitə və İKT sahəsində qlobal layihələrlə yanaşı başqa hansı layihələr həyata keçirilir? Reallaşdırılan lokal layihələr haqqında da məlumat verməyinizi xahiş edirik...

- Bəli, qeyd etdiyiniz kimi ümumilikdə sektorun inkişafına hesablanan lokal layihələr də var. Bu qəbildən olan layihələrdən biri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələrinə cavab verən, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verən, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilən və avtomatik idarə olunan Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi üzrə işlər aparılır. Hazırda "Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi"nin tərkib hissəsi olan radiomonitorinq məntəqələrinin yerinin seçilməsi, müvafiq yerlərin alınması, mövcud məntəqələrin müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin tikintisi və s. üzrə tədbirlər davam etdirilir.

Artıq bir neçə ildir ki, uğurla icra olunan "Xalq kompüteri" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətləri olan "Microsoft" və "HP"-nin iştirakı ilə həyata keçirilir və bu layihə ölkədə kompüterlərin kütləvi yayımının təmin edilməsinə xidmət edir. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçilmişlər. Layihə çərçivəsində artıq 20 200 ədəddən çox lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüter əldə edilmişdir. Layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40% aşağı, bir illik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılmışdır. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Son illər azərbaycanlı mütəxəssislərin ən uğurlu işlərindən biri "Dilmanc" layihəsidir. Layihə çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. İndiyədək Azərbaycan-Rus və Rus-Azərbaycan istiqaməti üzrə tərcümə sistemi və eləcə də, Azərbaycan dili üçün verilmiş mətni səslə oxuyan mətnin səsləndirilməsi sistemi yaradılmış və istifadəyə verilmişdir. Hazırda Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə sistemi istifadəyə verilmişdir və keyfiyyətin artırılması üzərində işlər gedir. Bundan başqa, Azərbaycan dili üçün nitqin tanınması sistemi yaradılmış və keyfiyyətin artırılması, telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin keyfiyyəti yüksəldilir. Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə uğurla təqdim olunmuşdur.

Azərbaycanda nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində həyata keçirilən işlər son illər daha intensiv xarakter alıb. Xatırladım ki, bu istiqamətdə işlərin mərkəzləşdirilmiş qaydada aparılması üçün Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə RİTN-in nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılmışdır.

- Ötən illər ərzində bütövlükdə Azərbaycan poçt rabitəsinin inkişafında hansı uğurlar qazanılıb? Bu inkişafı hansı mərhələlərə bölmək olar?

- Əvvəldə də qeyd etdiyim kimi, İKT sektorunun inkişafını ənənəvi və qeyri ənənəvi xidmətlər müəyyən edir. Dünyada olduğu kimi ölkəmizdə də ənənəvi kommunikasiya növlərindən biri də poçtdur. Sürətli texnoloji inkişaf nəticəsində bu gün poçt operatorları adət etmədiyimiz xidmətlər göstərməyə qadirdir. "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində ölkəmizdə "Azərpoçt" MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaradılmışdır. Artıq kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilmiş, habelə poçt şöbələri vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif edilir. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanmışdır və Dünya Bankı, RİTN və İsveçrənin SECO təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf krediti haqqında" Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) 24 may 2005-ci il tarixində imzalanmışdır. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, 16 aprel 2010-cu il tarixində AMB tərəfindən Azərpoçt MMC-yə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verilmişdir. Sazişə uyğun olaraq layihənin icrası 30 iyun 2010-cu il tarixində sona çatmış və artıq Azərpoçt MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulmuş poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır. Son 10 ildə poçt sektoru 4 dəfə böyümüş və 2012-ci ildə sektor üzrə gəlirlərin həcmi 28.9 milyon manat olmuşdur.

2003-2012-ci illər ərzində ölkə ərazisində fəaliyyət göstərən 1095 ədəd PŞ-i, PA-i və Poçtamtların binaları əsaslı təmir edilmiş və ya yeni tikilmiş binalarla təchiz edilmişdir ki, bu da istifadə olunan bina və sahələrin ümumi sayının təqribən 75%-i deməkdir. UPX göstərilməsi üzrə şəbəkəsinin genişləndirilməsi məqsədilə 246 yeni PŞ-i və ya PA-i açılaraq istifadəyə verilmiş, əhali sayı 250 nəfərdən yuxarı olan bütün yaşayış məntəqələrində poçt qutularının quraşdırılması təmin edilmişdir.

"Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi" yaradılmış və poçt şöbələrinin bu sistemə qoşulması iş yerlərinin 70%-nin kompüterləşməsini təmin etmişdir. Poçt filialı və poçt şöbələri sürətli beynəlxalq elektron pul köçürmələri sistemlərinə (ÜPİ-nin IFS/STEFI, "Western Union", "Contact", "Migom", "Coinstar" və sair) qoşulmuşdur. Bank infrastrukturunun beynəlxalq maliyyə və ödəniş sistemlərinə inteqrasiyası prosesini tamamlamaq üçün "Azərpoçt" MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS daxili sistemlərinə, eləcə də SWIFT beynəlxalq sisteminə qoşulması tam başa çatdırılmışdır.

Azərbaycan Poçt Administrasiyasının həyata keçirdiyi ardıcıl və effektiv tədbirlərin nəticəsi olaraq ölkəmiz ÜPİ-nin keyfiyyətin idarə edilməsi üzrə A (Qızıl) səviyyəli sertifikata və ÜPİ-nin EMS xidməti üzrə ardıcıl 7 dəfə qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülmüşdür.

- Ölkəmizin İKT sahəsində beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prioritetlər sırasındadır. Bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının (ÜPİ) bərabərhüquqlu üzvüdür. 1991-ci ildə MDB ölkələri çərçivəsində yaradılmış Regional Rabitə Birliyinin (RRB) təmsilçilərindən biri seçilmişdir. Bundan əlavə, Azərbaycan beynəlxalq peyk və kosmik rabitə təşkilatları, Avropa Komissiyasının Poçt və Rabitə Administrasiyası, Telekommunikasiya üzrə Avropa Standartlar İnstitutu, Avropa Birliyi, NATO-nun Elmi Komissiyası və Avrasiya Poçt Birliyi ilə uğurlu əməkdaşlıq edir. Son 10 il ərzində dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə 85-ə yaxın əməkdaşlıq memorandumu, müqavilə və müxtəlif sazişlər imzalanmışdır.

Artıq 18 ildir ki, "BakuTel" sərgi-konfransı davamlı olaraq Azərbaycanda keçirilir və ölkədə İKT-nin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. "Bakutel" sərgi-konfransı həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəli tədbirdir, qlobal miqyasda respublikamızın geosiyasi və iqtisadi maraqlarının təmin olunması üçün platforma kimi formalaşmışdır.
Son 10 il ərzində İKT sektoru üzrə keçirilən ən qlobal tədbirlərdən biri də Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Sazişə əsasən, 6-9 noyabr 2012-ci il tarixlərində Bakıda BMT və RİTN-in birgə təşkilatçılığı ilə keçirilən "VII İnternet İdarəçilik Forumu-2012" olmuşdur. Tədbirdə 128-dək ölkəni təmsil edən 1600-dan çox xarici və 1200 Azərbaycanı təmsil edən nümayəndə, eləcə də 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə Forumun işində onlayn iştirak etmişdir.

Bütün sektoruların inkişafı savadlı kadr potensialının mövcudluğu ilə ölçülür. Bunun üçün İKT sektorunda da intellektual kadrların hazırlanmasına xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq Nazirliyin təklifi əsasında 17 tələbə xarici universitetlərdə təhsil alırlar. Bundan başqa, Azərbaycan universitetlərində hər il İKT ixtisası üzrə 2000 mütəxəssis hazırlanır.

Xarici ölkələrin universitetlərində İKT üzrə milli kadrların hazırlanması məqsədilə 2007-ci ildə RİTN-də ölkənin aparıcı İT şirkətlərinin iştirakı ilə "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları Fondu" yaradılmışdır. Fondun "İKT üzrə kadr hazırlığı proqramı" çərçivəsində 200-dən artıq tələbə hazırlanmış, 42 nəfər hazırda təhsilini davam etdirməkdədir.

İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın 5 tanınmış informasiya texnologiyaları universiteti ilə anlaşma memorandumları imzalanmışdır.

- Əli müəllim, bu sahədə gələcək perspektivlər üçün əsas hədəflər nədən ibarətdir?

- 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə İnformasiya Texnologiyaları Universiteti yaradılmışdır. Universitetdə 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılması nəzərdə tutulur. Artıq 60 plan yeri dolmuşdur. Minimum 610 bal toplayan abituriyentlər bu təhsil ocağının tələbəsi olmaq hüququ əldə etmişdir.

Ölkədə məhdud fiziki imkanlı insanların cəmiyyətdə rolunun artırılması, İKT-dən istifadə imkanlığının yaradılması da bu 10 il ərzində diqqətdən kənarda qalmayıb. Belə ki, Heydər Əliyev Fondu və RİTN tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərində məhdud imkanlı şəxslər üçün Regional İnformasiya Mərkəzləri yaradılmışdır.

Gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlara İKT-dən bərabərhüquqlu istifadəni təmin etmək məqsədilə Azərbaycanın "NeyroTex" şirkəti dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompüterlər hazırlayıb.
Ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" İKT sahəsində yeni bir mərhələnin əsasını qoydu. Sözügedən strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi.

Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fəaliyyətinin ilk günlərindən etibarən İKT nailiyyətlərinin ölkəmizdə geniş tətbiqi və bu sahənin daha sürətli tərəqqisinə xüsusi qayğı ilə yanaşır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim gələcəyimizi təmin edəcəkdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.