BTİ-nin rəsmisi: "BTİ tərəfindən "Elektron hökumət"lə bağlı yeni indikatorlar tətbiqə tam hazırdır"

3.05.13

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) müəyyənləşdirdiyi "İKT-nin inkişaf indeksi” dünya ölkələrində İKT-nin inkişaf dinamikasını xarakterizə edən əsas göstərici sayılır. Bu göstəricilərin daha dəqiq və dolğun əldə edilməsi ilə bağlı ötən həftə BTİ "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası” mövzusunda MDB ölkələri üçün keçirdiyi regional seminarı ilə müxtəlif ölkələrin sahə üzrə mütəxəssislərini Naxçıvan Muxtar Respublikasında bir araya topladı. Seminarın aktuallığına gəlincə, BTİ-nin İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bununla bağlı fikirlərini "Rabitə dünyası” ilə paylaşıb.

Syuzan Telçer müsahibəsində "Elektron hökumət”lə bağlı 7 yeni indikator təsis edildiyini və həmin indikatorların bu yaxınlarda razılaşdırıldığını bildirib.

"Bunlar çox yeni standartlardır və İKT-nin dövlət orqanlarında tətbiqi ilə bağlıdır. Yəni onların kompüterdən, internet, eyni zamanda intranetdən istifadə vəziyyətini, həmçinin, ümumiyyətlə, bunlardan istifadə edib-etmədiyini təyin edəcək. Eyni zamanda standartlar dövlət orqanlarının özləri tərəfindən onlayn xidmətlərdən istifadə edilib-edilmədiyini və bu xidmətlərin vətəndaşlara təqdim olunub-olunmadığını müəyyənləşdirəcək. Yəni bu indikatorlar sırf dövlət orqanlarının elektron xidmətlərdən istifadəsi ilə bağlı həyata keçiriləcək. ”- deyə o, qeyd edib.

Həmçinin Syuzan Telçer BTİ tərəfindən "Elektron hökumət”lə bağlı yeni indikatorların tətbiqə tam hazır oldugunu bildirib.

"İndikatorlar tətbiqə tam hazırdır. Bu məlumatlar hələlik beynəlxalq səviyyədə toplanmasa da, istənilən ölkə yeni indikatorları daxili səviyyədə tətbiq edə bilər. Hətta bəzi dövlətlər artıq bu yeni indikatorlardan istifadəyə başlayıblar. Amma beynəlxalq səviyyədə bu proses həyata keçirilməyib.

Ekspert Qrupunun cari ilin 4-6 iyun tarixlərində Braziliyanın Sao-Paulo şəhərində keçiriləcək iclasında hansı yeni indikatorların qəbulu və hansılarına dəyişiklik edilməsi gözlənilir?

Ev təsərrüfatı sahəsində toplanan, həmçinin İKT-nin fərdlər tərəfindən istifadəsi ilə bağlı indikatorları nəzərdən keçiririk. Məsələn, ev təsərrüfatlarında "kompüter” sözünün tərifinin verilməsi, ev təsərrüfatlarında kompüterin mövcudluğu kimi təriflərə müəyyən dəyişikliklərin edilməsi gözlənilir. Çünki hazırda nəinki noutbuk, netbuk, planşetlər də geniş vüsət alıb. Bəlkə də ev təsərrüfatlarında planşetlərdən daha geniş istifadə olunur. Eyni zamanda insanların internetdə fəaliyyəti, sosial media, bloqlaşma, internetdə kontentin hazırlanması və s. ilə bağlı indikatorlara müvafiq dəyişikliklər olacaq. ”- BTİ-nin rəsmisi deyib.