Andreas Rayxhard: "Azərbaycan "Elektron hökümət" sahəsində çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir"

22.04.13

Gələcək illərdə İKT sahəsinin inkişaf etdirilməsi hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da gücləndirilməsini hədəfə alan Azərbaycan üçün sözügedən sahədə beynəlxalq əməkdaşlığın rolu olduqca önəmlidir. Bu aspektdən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qarşılıqlı əlaqələrin inkişafına yönələn növbəti görüşlər Avstriya tərəfi ilə keçirilib.

Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard Azərbaycanda "Elektron hökümət” quruluculuğu istiqamətində aparılan tədbirləri yüksək dəyərləndirir və bununla bağlı fikirlərini "Rabitə dünyası” qəzetinə verdiyi müsahibəsində paylaşıb: "Azərbaycan "Elektron hökumət” sahəsində artıq çox böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, bu, Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir. Ölkəniz bu istiqamətdə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir. Eyni zamanda Azərbaycan ümumilikdə İKT sahəsində dünyanın bir çox ölkələri ilə müqayisədə hazırda daha sürətlə inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi, digər İKT xidmətləri üzrə aparılan tədbirləri qeyd etmək olar.”

Nazir müavini elekron xidmətlərlə bağlı Azərbaycanla əməkdaşlıq məsələlərinə də toxunub: "Dövlətin bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunun Azərbaycan üçün çox önəmli sahə olduğunun göstəricisidir, həmçinin bu sektorun ölkənizdə böyük gələcəyinin olduğunu deməyə əsas verir. Avstriya təcrübəsinə gəlincə, İKT sahəsi ilə bağlı hansı istiqamətlər üzrə Avstriya təcrübəsindən, informasiya texnologiyalarından istifadə etməyin mümkünlüyü barədə hazırda mütəxəssis və ekspertlər səviyyəsində işçi qaydada danışıqlar, müzakirələr aparılır.”

Andreas Rayxhard həmçinin müsahibəsində qeyd etmişdir ki, burada önəmli yerlərdən birini əhalinin maarifləndirilməsi, eyni zamanda elektron xidmətlərdən istifadənin genişləndirilməsinin təlim və tədris prosesləri üzərindən aparılması tutur.

"Çünki yalnız texnoloji vasitələrin mövcudluğu onlardan effektiv istifadənin mümkün olduğunu düşünməyə əsas vermir. Eyni zamanda burada önəmli rol oynayan elektron xidmət istifadəçilərinin, əhalinin biliklərinin artırılmasıdır. Ona görə də Azərbaycan tərəfi ilə danışılan konkret mövzulardan biri də şagirdləri artıq məktəb masasından bu sahədə maarifləndirmək, gələcək sahibkarların hazırlanması üçün müəyyən proqramların həyata keçirilməsi və sertifikatlaşdırmadır. Qeyd etmək istərdim ki, Avstriya Avropa Birliyi (AB) çərçivəsində bu sahədə aparıcı dövlətdir və AB tərəfindən ən yüksək qiyməti alıb. Bizim təcrübəmiz artıq bütün Avropa Birliyi ölkələrində istifadə olunur. Təbii ki, çox istərdik ki, biz həmin tədris təcrübəsindən Azərbaycanda da öz töhfəmizi verə bilək.”- Avstriyanın nazir müavini deyib.