Əli Abbasov: "2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulur"

29.03.13

Əli Abbasov: "On ildən sonra İT sektorunun gəlirləri Azərbaycanın ümumi daxili məhsulunun təxminən 10 faizini təşkil edəcək”

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Rusiyanın "Rossiyskaya qazeta” nəşrinə müsahibəsi

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda dinamik inkişaf müşahidə edilir. Son on il ərzində özünü açıq şəkildə büruzə verən tendensiya güman etməyə əsas verir ki, yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola bilər. İKT sahəsində nailiyyətlər və sahənin inkişaf perspektivləri barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov söz açır.

Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsini və inkişaf tempini necə qiymətləndirirsiniz?

Əli Abbasov:Güman edirəmyüksək texnologiyalar əsri adlandırılan ХХI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyaları (İKT) olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdılırıb. 2003-cü ildə qəbul edilən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” yaxın illər üçün fəaliyyətin başlıca məqsədi olan informasiya cəmiyyətinə keçidi müəyyən etdi. Ötən onillik ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun inkişafına müqayisəedilməz əhəmiyyət verib və dinamik inkişafına zəmin yaradıb. Çoxlu sayda dövlət proqramları və qanunlar qəbul edilib. Mərhələli şəkildə həyata keçirilən "Elektron Azərbaycan” Dövlət Proqramı Milli Strategiyanın istiqamət və vəzifələrinə uyğun olan çoxlu tədbirlərin görülməsinə imkan verib. Əlamətdar haldır ki, bəzi istiqamətlər üzrə ölkəmiz artıq çoxdandır keçmiş postsovet məkanında lider mövqelər tutur. Məsələn, hələ 2008-ci ildə biz MDB-də ilk olaraq ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına nail ola bilmişik, üç il sonra isə ölkədəki bütün mövcud ATS-lərin rəqəmli texnologiyaya keçidi başa çatıb, eləcə də vahid yeddirəqəmli nömrələmə sistemi tətbiq edilib. Azərbaycan 4G mobil rabitə texnologiyasını tətbiq edən dövlətlər arasında Avropada doqquzuncu, dünyada isə 37-ci yeri tutur. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "İnformasiya cəmiyyətinin ölçülməsi-2012” adlı hesabatına əsasən, ölkəmiz İKT-nin inkişaf indeksi (IDI) üzrə beş pillə irəliləyərək 155 dünya dövləti arasında 68-ci yeri tutub. BTİ-nin hesabatında Azərbaycan həmçinin son 5-7 il ərzində sahədə daha çox uğurlar qazanan on dünya dövləti qrupuna daxil edilib. Yuxarıda qeyd oluna uğurlara əsaslanaraq və ölkədə İT iqtisadiyyatının inkişaf imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.

Cari ilin fevralında Azərbaycan uğurla ilk telekommunikasiya peykini buraxıb: ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri hansılardır?

Əli Abbasov:Məlum olduğu kimi, 2013-cü ilin "İKT ili” elan edilməsinin ilk mühüm tarixi hadisəsi ölkəmizin kosmik eraya daxil olması olub: fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 orbitə çıxarılıb. Şərqi Avropa, MDB, Şimali Afrika, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə edən peyk müxtəlif rabitə və teleradio yayım xidmətləri göstərəcək. Bu istiqamətdə növbəti addımlar 2015-ci ildə aşağıorbitli peykin, 2016-cı ildə ikinci telekommunikasiya peykinin buraxılması olacaq.

Milli peyk layihəsi ölkəni daha etibarlı və ucuz peyk rabitəsi ilə təmin edərək öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Aşağıorbitli peyklərin buraxılması ətraf mühitin qorunması, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də dövlət təhlükəsizliyi sahəsində fəaliyyətin səmərəliliyini artıracaq.

2012-ci ildə İKT sektorunun gəliri 1,915 milyard dollar təşkil edib

Hazırda "İKT ili” çərçivəsində yeni layihələr haqqında çox danışılır. Yaxın vaxtlarda nələrin həyata keçirilməsi nəzərdə tutulur?

Əli Abbasov:Tədbirlər Planı əlbəttə ki tərtib olunub, onun işlənib hazırlanması üzərində həm bizim nazirliyin mütəxəssisləri, həm də Milli Elmlər Akademiyasının alimləri çalışıblar. Artıq həyata keçirilməsi bu ilə planlaşdırlan vacib işlər sırasında ölkədə FTTH modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutan Fiber to Home ("evə optika”) layihəsi yer alıb. Dövlət Neft Fondunun (ARDNF) maliyyə dəstəyi ilə həyata keçirilən layihə təxminən 500 milyon dollar məbləğində qiymətləndirilir və cari ildə ARDNF artıq 132 milyon dollar verib. Bu üçillik layihə yüksək gəlirli hesab edilir: ikinci ildən etibarən ümumi dəyərin 30-35 faizi yenidən sərmayələrin qoyulması hesabına maliyyələşdiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisinin 10-100 Mbit/saniyə sürətində yüksəksürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycanın 2017-ci ilə dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına imkan verəcək. Yaxın perspektivdə Azərbaycanın təşəbbüskarı olduğu daha bir beynəlxalq layihənin inkişafı gözlənilir. Söhbət Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) çəkilməsindən gedir. BMT Baş Asambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASİM layihəsi Honkonqu Frankfurtla birləşdirərək geniş Avrasiya məkanını yüksəksürətli internetlə təmin edəcək optik lif magistralının çəkilməsini nəzərdə tutur. Azərbaycan belə beynəlxalq təşəbbüslərdə, məsələn, Rusiya, İran və Omanla tərəfdaşlıqda ötən ilin sonunda başa çatan Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının çəkilməsində təcrübəyə malikdir. Artıq bir neçə ildir gələcək konsorsiumun tərəfdaşları – Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin nəhəng telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq görürlər. Və əlbəttə ki, layihənin yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun əsas informasiya mərkəzi olmağa imkan verəcək.

Çərçivəsində vahid elektron portalının formalaşdırıldığı, ASAN mərkəzlərinin yaradıldığı "Elektron hökumət” layihəsinin həyata keçirilməsində hansı uğurlar əldə olunub?

Əli Abbasov:Vahid "Elektron hökumət” portalı "bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərir: əhaliyə orta hesabla 40 dövlət müəssisəsinin 200-dən çox elektron xidmətinin göstərilməsini təmin edir. Bu ilin əvvəlində isə Bakıda ASAN şəbəkəsinin (Azerbaijan Service and Assessment Network) ilk terminalı işə salınıb. Burada əhaliyə mərkəzləşdirilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, elektron vergi və gömrük bəyannamələrinin verilməsi, eləcə də dövlət qulluğu və ali məktəblərə qəbul üçün ərizələrin təqdim edilməsi, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, pensiyaların təyin olunması və ünvanlı sosial yardımın alınması və s. kimi xidmətlər göstərilir. 2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulur və bu, hökumətin fəaliyyətində şəffaflığın tam təmin edilməsində mühüm alət olacaq və sahibkarlara və vətəndaşlara qarşı mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Yaxın gələcəkdə Azərbaycanın İKT sektorunun konturları haqqında nə deyə bilərsiniz?

Əli Abbasov:Bu yaxınlarda təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır. Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dollar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 milyard dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10 faizinədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir.