Reyestr xidməti

Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestri


Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə edilməsinin tənzimlənməsi, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının (reyestrinin) aparılması tapşırılmışdır.

Qanunvericiliyə uyğun olaraq, yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir. Həmçinin "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir.
Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır.Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərinə "Elektron hökumət" portalı vasitəsilə daxil olmaq olar.