Mobil Cihazların Qeydiyyat Sistemi


Mobil cihazların qeydiyyat sistemi (MCQS) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası”-na uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması İnformasiya Komminikasiya Texnologiyaları İli çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Bu Qayda Respublikamıza gələn xarici qonalqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Qediyyat sistemi istismara başladığı tarixədək Azərbaycanda mobil rabitə şəbəkələrində istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab edilir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali qaynar xətdən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər.

Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar. www.imei.az internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcədə əlavə məlumatlar əldə edə bilərlər. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında "pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir. Qeyd olunduğu kimi, Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılmışdır. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb.Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub.

Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Hazırda belə sistemdən Türkiyədə, ABŞ-da, Hindistanda istifadə edilir. Ukraynada da bənzər sistemin tətbiqinə cəhdlər edilmiş, lakin müvəffəqiyyətlə sonlandırılmamışdır. Avropa ölkələrində isə oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi vahid qara siyahı üzərindən təşkil olunur.


Facebook Twitter