Ümumi məlumat

Məlumat Hesablama Mərkəzi (MHM) Nazirlər Sovetinin 07.12.1973-cü il 401 (b.6) saylı qərarı və Rabitə Nazirliyinin 05.07.1974-cü il tarixli 140 saylı əmrinə əsasən təsis edilib. 19.04.1999-cu ilə kimi "Respublika İnformasiya Hesablama Mərkəzi” adı altında fəaliyyət göstərib. 20.04.1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində "Məlumat Hesablama Mərkəzi” adı ilə qeydiyyatdan keçib.

MHM İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına və İSO 27001 beynəlxalq sertifikatına malikdir. Müəssisənin onlayn şəbəkəsinə NRYTN-nin bütün struktur bölmələrinin 2500-dən çox kompüterləri qoşulub. Bu kompüterlər əsasən telekommunikasiya qovşaqlarında, ATS-lərdə, poçt şöbələrində gedən texnoloji proseslərdə istifadə olunur və onlar MHM-də quraşdırılan müvafiq serverlərə qoşulublar. 


Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır.

Müəssisənin əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir:

  • Müasir billinq sistemlərinin layihələndirilməsi və istismarı;
  • Respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsinin - AzDataCom-un idarə edilməsi;
  • Fiziki və hüquqi şəxslərə internet və data xidmətlərinin göstərilməsi;
  • Açıq Açar İnfrastrukturunun qurulması məqsədilə Milli Sertifikasiya Xidmətləri Mərkəzinin fəaliyyətinin təşkili;
  • Elektron imza texnologiyaları və sertifikatlarının respublikada yayılması;
  • "Elektron hökumət” infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma əsasında fiziki və hüquqi şəxslər tərəfindən istifadəsinin təmini;
  • Rabitədə istifadə edilən ilkin texnoloji informasiyanın emalı əsasında müasir elektron-hesablama texnikasının və yeni riyazi üsullardan istifadə edərək, tapşırıq kompleksi və sistemlərin istismara daxil olması və hazırlanması;
  • Yeni texnologiya və müasir hesablama texnikasının tətbiqi üzrə proyektlərin hazırlanması;
  • İnformasiyanın texniki müdafiə vasitələri ilə sanksiyalaşmamış müdaxilələrdən qorunması, proqram vasitələrinin tətbiq edilməsi, quraşdırılması, montaj edilməsi, sazlanması, təmiri, sınaqdan keçirilməsi və servis xidməti;
  • Kommunikasiya və informasiya texnologiyaları sahəsində təlim və ixtisas üzrə təkmilləşmə kurslarının təşkili və keçirilməsi;
  • Kommunikasiya və informasiya texnologiyaları sahəsində reklam məsləhəti və vasitəçilik xidmətlərinin göstərilməsi və texnoloji injinirinqi;
  • Operativ rejimdə hesablama işlərinin yerinə yetirilməsi;
  • Tətbiqi proqramların və yeni texniki-sistem həllinin sınaqdan keçirilməsi;
  • Sifarişçi mütəxəssislərin öyrədilməsi, personalın yenidən hazırlanması və öyrədilməsi;
  • Nəqliyyat, Rabitə vəYüksək Texnologiyalar Nazirliyinin informasiya portallarının saxlanılması;
  • İdarədaxili videokonferensiya rabitəsinin təşkil edilməsi.